Oqtay Gülalıyev Baş prokurorluğa çağırıldı

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Baş prokurorluğa çağırılıb. Bu haqda o, sosial şəbəkədə özü məlumat yayıb: “Daxili İşlər Nazirliyinin ardınca bu gün saat 17.00-da Respublika Baş Prokurorluğuna çağrılmışam. Deyəsən bu dəfə “cinayət əməllərimi” prokurorluq araşdırır. Varsa araşdırsınlar, mənim etirazım yox. Amma prokurorluq yaxşı olar ki, öncə insanları şərləyib həbs edən, işgəncə verib onları qətlə yetirən, büdcəni talan edənləri məsuliyyətə cəlb etsin”.

Hüquq müdafiəçisi təzyiqlə üzləşdiyini, lakin susmayacağını bildirib.

Bizi susdurmaq istəyirlər. İstəyirlər ki, xalqımızın başına gətirilən müsibətlərdən, fəlakətlərdən danışmayaq. Dinc, günahslz insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Haqqı- hüququ tapdanan insanları müdafiə etməyək… Neçə vaxtdır ki, ətrafımda olan halqanı daraldırlar. Müxtəlif dövlət qurumları və vəzifəli şəxslər tərəfindən mənə xəbər göndərir, təzyiq edirlər ki, susum. Amma mən xalqımızın başına gətirilən fəlakətləri gördükcə dəhşətə gəlirəm və susmaq fikrində deyiləm. Sonu nə olursa olsun… Dostlar, hər birinizi məni yox, haqqı- hüququ tapdanan insanları müdafiə etməyə çağırıram!” – deyə, Oqtay Gülalıyev özünün feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Oqtay Gülalıyev son həftələr ərzində “Gəncə işi” üzrə həbs edilənlərin işgəncələrə məruz qalması haqda çoxsaylı məlumatlar paylaşıb.

Müsavat başqanı Arif Hacılı Oqtay Gülalıyevə təzyiqləri pisləyib.

Başqan qeyd edib ki, Gəncədə baş verən cinayət hadisəsi ilə bağı bu hadisə ilə heç bir əlaqəsi olmayanlar da cinayət məsuliyyətinə cəlb edilir, sadəcə etiraz aksiyalarında iştirak edənlər də ağır cinayət maddələri ilə ittiham olunur, həbsdə olanların müdafiə hüququ daim pozulur, onlarla pis rəftar edilir, işgəncə verilir. İndi də hüquq müdafiəçisi Oktay Gülalıyevə təziq edilir ki, bu məlumatları ictimailəşdirməsin.

“Bu özbaşınalıqlara son qoyulmalıdır. Avropa İttifaqı ilə saziş bağlamaq niyyətində olan dövlətdə haqsız həbslərə, müdafiə hüququnun pozulmasına, işgəncələrə yol verilməməlidir, hüquq müdafiəçiləri təqib olunmamalıdır. Avropa İttifaqı ilə sazişin imzalanması gözlənilən bir gündə tanınmış hüquq müdafiəçisinin prokururluğa çağrılması, onun həbslə təhdid edilməsi yalnız qanunsuz hərəkət, hüquq pozuntusu deyil, həm də dövlətə qarşı təxribatdır!”, – deyə, Arif Hacılı vurğulayıb.

 

Basta