ABŞ ilə İran arasında “psixoloji müharibə”

İran nüvə silahının hazırlanmasını sürətləndirəcəyi və amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə, Yaxın Şərqə 120 minə qədər hərbçi göndərə bilər.

New York Times”ın yazdığına görə, bunu nəzərdə tutan planı ABŞ müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan milli təhlükəsizliklə bağlı mayın 9-da Vaşinqtonda keçirilən iclasda təqdim edib, – Oxu.az məlumat verir.

Nəşrin yazdığına görə, yeni plan Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun  başçılığı altında “şahinlərin” təzyiqi altında təşkil olunub.

Qəzetin mənbəsinin bildirdiyinə görə, planda göstərilən şəxsi heyət sayı onunla tanış olan bir çox siyasətçiləri təəccübləndirib, həmin sayda hərbi kontingent 2003-cü ildə İraq istilası zamanı səfərbər olunmuşdu.

İranın İnqilab Qvardiyasının komandiri isə bazar günü bildirib ki, ABŞ-ın körfəzdə hərbi mövcudluğunu genişləndirməsi bir zamanlar ciddi “təhlükə” kimi qəbul edilirdisə, hazırda bu, “hədəf” mahiyyəti daşıyır, – “Amerikanın səsi” məlumat verir.

Amerika hərəkətə keçsə, biz onu başından vuracağıq

Qvardiyanın Aviasiya Diviziyasınnın komandiri Əmirəli Hacızadə təhlükənin indi fürsətə çevrildiyini bildirib.

“Amerika hərəkətə keçsə, biz onu başından vuracağıq,” Hacızadə deyib.

İranın Amerika hədəflərinə hücum planlaşdırması ehtimalına qarşı ABŞ-ın Abraham Linkoln aviadaşıyıcısı və dörd B-52 bombardmançı qrupu Yaxın Şərq bölgəsinə yerləşdirilib.

Birləşmiş Ştatlar döyüş təyyarə gəmisinin çərşənbə günü, B-52 taktik bombardmançı qrupunun isə regiona Hörmüz körfəzi vasitəsilə cümə axşamı daxil olduğunu bildirib.

USS Abraham Linkoln (CVN 72) aviadaşıyıcısı Atlantik Okeanını keçir.
USS Abraham Linkoln (CVN 72) aviadaşıyıcısı Atlantik Okeanını keçir.

Adlarının çəkilməsini istəməyən müdafiə rəsmiləri bildirir ki, bombardmançılar Qətərin Əl-Udeyd hava bazasına yerləşdirilib.

İran admiralı Hüseyn Xanzadi isə deyib ki, Amerika qüvvələri “regiondan çıxmalıdır”. O, ABŞ-ın İran körfəzindəki mövcudluğunun başa çatdığını bildirib.

Amerikanların İran Körfəzindəki mövcudluğu bitib. Onlar regionu tərk etməlidirlər.
Admiral Hüseyn Xanzadi

İnqilab Qvardiyasının rəhbəri, general-mayor Hüseyn Səlami parlamentə bildirib ki, ABŞ regionda “psixoloji müharibə” başladıb.

İranın xarici işlər naziri Məhəmməd Cavd Zərif Twitter-də yazıb ki, Con Bolton Ağ Evdə milli təhlükəsizlik müşaviri təyin edilməzdən əvvəl də İranla sazişdən çıxmaq tərəfdarı olub və indi Tehran a qarşı daha aqressiv mövqedən çıxış edir.

Zərif Boltonun 2017-ci ildə “İranla nüvə sazişindən necə çıxılmalı” adlı məqaləsinin linkini də paylaşıb.