Azərbaycanla Aİ arasında saziş imzalanmadı – danışıqlar davam edir

“Şərq tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində mayın 13-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Aİ Şurasının sədri Donald Tuskun görüşü olub.

Söhbət zaman Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, AzərTAC bildirib.

D.Tusk Azərbaycanı Aİ-nin etibarlı və məsuliyyətli tərəfdaşlarından biri adlandırıb.

O qeyd edib ki, Aİ regionda Azərbaycanın rolunu yüksək qiymətləndirir.

Öz növbəsində İ.Əliyev deyib ki, Azərbaycan Aİ ilə əlaqələrin genişlənməsinə böyük önəm verir.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi barədə D.Tuska məlumat verib.

Görüş zamanı ötən il Azərbaycanla Aİ arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti qeyd olunub. Həmçinin tərəfdaşlıq haqqında sazişlə bağlı fikir mübadiləsi aparılıb. Saziş üzrə danışıqlar davam edir.

Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov mayın 13-də Azərbaycanla Aİ arasında sazişin imzalanacağını demişdi. Daha sonra XİN bu məlumatı təkzib etmişdi.