Fəallar cərimələri xırda qəpiklərlə ödəyir

NİDA fəalları Qiyas İbrahimovvə Bayram Məmmədov məhkəmənin təyin etdiyi cəriməni xırda pullarla ödəyib.

İbrahimovbildirib ki, beş gün əvvəl Nizami rayon icra və probasiya şöbəsindən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 73 manat ölçüsündə ekspertiza xərclərinin ödənilməsi haqqında məktub gəlib.

Bayram Məəmədov Amerikanın Səsinə bildirib ki, ona təyin edilmiş 73 manat 4 qəpik cəriməni xırda qəpiklərləı ödəmək üçün hazırda bankdadır.

Sanksiya Bakı Ağır Cinayətlər Məhkəməsinin İbrahimovun və Məmmədovun qanunsuz narkotik dövriyyəsi ittihamı ilə azadlıqdan məhrum edilməsi haqqında hökmlə əlaqədar təyin edilib. İbrahimov və Məmmədov hökmü qanunsuz hesab etsə də, ekspertiza xərcini ödəmək qərarına gəlib.

“Barəmizdə çıxarılan qərar bütövlükdə qanunsuz və saxtadır. Onun tərkib hissəsi olan ekspertiza xərci də. Evimizə narkotik atıblar, sonra da onun ekspertizasını da bizim boynumuza qoyublar. Biz də qərara gəldim ki, bunu bir ictimai aksiyaya çevirərək, xərcini 1, 3 və 5 qəpiklə ödəyək, sayanda bir az əziyyət çəksinlər,”İbrahimov bildirib.

Onun sözlərinə görə, iki gün ərzində onlara dəstək üçün kifayət edəcək qədər xırda qəpiklər yığılıb.

“Artıq qalan pul digər qanunsuz cərimələnənlərin “qəpik aksiyalarına” veriləcək,” İbrahimov bildirib.

O və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsində siyasi şüarlar yazdıqdan sonra həbs ediliblər. Hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Amma fəallar bu ilin martında əvf fərmanı ilə azadlığa çıxıblar.

Amerikanın Səsi