Orqan alverində suçlananları polis buraxıb

Azərbaycanda böyrək alveri ilə bağlı 30-a yaxın halın araşdırılması üçün bir il istintaq gedib. Təxminən iki aydır Bakı Ağır Cinayətlər Məhkəməsi bu işi araşdırır. Bu işdə 27 nəfər zərərçəkən qismində tanınıb. Onlar əsasən maddi ehtiyac üzündən böyrəklərini satdıqlarını deyən adamlardır. Daha 28 nəfər isə şahid var. Bunlar da böyrək problemi ilə əlaqədar donora ehtiyacı olanlar və yaxınlarıdır.

Bu adamların bir qismini məhkəmə dindirib. Qalanları isə məhkəməyə gəlməkdən imtina edir. Ona görə də məhkəmə onların haqqında məcburi gətirilmə qərarı çıxarıb, icrası da daxili işlər orqanlarına həvalə olunub.

Düşənbəyə gedirlərmiş

Cinayət işinin materiallarından məlum olur ki, böyrək alverində vasitəçi kimi təqsirləndirilən Vahib Xudadatovu ötən ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Araşdırmalar DTX-nın İstintaq İdarəsində aparılıb. Beş ay sonra – avqustda bu iş Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib və istintaq bu ilin martına qədər orada davam etdirilib.

Cinayət işinin materiallarından bəlli olur ki, bundan öncə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi hazırda böyrək alverinə görə mühakimə olunan V.Xudadatovu da, qanunsuz böyrək köçürməsi ilə bağlı əməliyyatların icraçısı, orqan alveri ilə məşğul olan dəstənin rəhbəri kimi təqdim edilib haqqında cinayət işi ayrılan iranlı həkim Mohsen Tahirini də, böyrəyini satan və onları almaq istəyən daha altı nəfəri də saxlayıbmış. Bu, 2016-cı ilin noyabrında Bakıda hava limanında baş verib. Vahib həmin vaxt üç donoru və onların resipiyentlərini Tacikistanın paytaxtı Düşənbə şəhərinə əməliyyata aparırmış. İş materiallarında bu barədə zərərçəkmiş və şahid ifadələri var.

Məsələn, Rauf Şirəliyev deyir ki, onun böyrəyi Səbinə adlı şəxsə köçürülməliydi. 2016-cı ilin noyabrında Tacikistana getmək üçün hava limanına gələndə Səbinə və qohumları, daha iki donor və onların böyrəyinin köçürüləcəyi adamlar da orada olub. Hava limanında onların hamısını, o cümlədən vasitəçilik edən V.Xudadatovu saxlayıb, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə aparıblar: «Orada izahatlarımızı aldılar. Gecə bütün donorlar buraxıldı. Təxminən bir saat sonra Sahibi də buraxdılar. Biz idarədə olanda Mohsen Tahirini də orada gördüm. Amma sonradan onun nə vaxt buraxıldığını bilmirəm».

R.Şirəliyevin bildirdiyinə görə, saxlanma ilə əlaqədar əməliyyat bir müddətlik təxirə salınıb. 2017-ci ilin aprelində onun böyrəyi Əminə adlı başqa bir qadına köçürülüb.

«20 gün gözləməyimi xahiş elədi»

Böyrək köçürülmüş Şahmar Əsədov da 2016-cı ilin noyabrında hava limanında saxlanılanlar arasında olub. İfadəsində bildirib ki, özü idarədən buraxılandan sonra evinə gəlib, Vahibin, iranlı həkimin nə vaxt buraxılması barədə məlumatı olmayıb. Sonradan öyrənib ki, M.Tahirinin Azərbaycandan çıxışına qadağa qoyulub: «Mən Mohsen Tahirinin tapşırığıyla əvvəlcədən Vahib Xudadatovla görüşüb ona 7 min 500 dollar pul vermişdim. Bizi saxlayıb buraxandan təxminən iki-üç gün sonra Mohsen Tahirinin telefon nömrələri açıldı. Tahiri ilə danışanda mənə dedi ki, sərhədi keçməyinə qadağa qoyulub. Ona görə də İrana qayıda bilmir. Məndən 20 gün gözləməyimi xahiş etdi. Mən verdiyim pulu tələb elədim. Onda söz verdi ki, narahat olmayım, yaxın vaxtlarda əməliyyat olunacağam. Bir neçə gün sonra zəng eləyib dedi ki, «stop»unu götürüblər. 2017-ci il aprelin 25-də Düşənbədə üzərimdə transplantasiya əməliyyatı həyata keçirildi».

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov mayın əvvəlində Milli Məclisdə «İnsan alverinə qarşı mübarizə üzrə illik məlumat»ı təqdim edib. Ancaq hesabatda orqan alveri ilə bağlı heç bir fakt əksini tapmayıb. Nazir müavini deyib ki, ölkədə 2005-ci ildən bəri insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı cəmi 3 fakt qeydə alınıb.

«Bəzi hallarda böyrək və digər orqanların satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir», – V.Eyvazov belə deyib.

 

AzadlıqRadiosu