Qubada müsavatçıları kəndə aparan şəxsin maşını əlindən alınıb

Mayın 5-də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlını və bir qrup partiya fəalını rayonun Cimi kəndində aparan avtomobilin sahibi təzyiqlərlə üzləşib.

Bu haqda Gülağa Aslanlı özünün feysbuk səhifəsində məlumat yayıb: “Məni və dostlarımı Qubanın Cimi kəndinə apardığına görə 10 EL 337 dövlət nömrə nişanına malik UAZ markalı maşının sahibi Mübariz Osmanov Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq polis bölməsinə aparılıb, maşın ondan alınıb və bölmədə saxlanılıb”. 

Gülağa Aslanlı “Basta”ya açıqlamasında bildirib ki, həmin gün Cimi kəndində Müsavat Partiyası Quba rayon təşkilatının yığıncağı keçirilib. Yığıncaqda ictimai siyasi durum müzakirə olunub, yerli təşkilatın rəhbərliyinə və partiyanın 9-cu qurultayına nümayəndələr seçilib. Mübariz Osmanov partiya üzvü deyil və o, sadəcə müsavatçılara taksi xidməti göstərib.

“Mən, Cimi kəndinə gedişimin səbəbi barəsində DIN-ə məlumat verməyə hazıram. Oturduğum yer BŞBPI-nin əməkdaşdaşlarına məlumdur. Ailəsində xəstə olan Mübariz Osmanovu incitməyib, maşınını ona qaytarın!”- deyə, Gülağa Aslanlı daxili işlər nazirinə, Quba rayon Polis Şöbəsinin rəisinə və Quba rayon Qonaqkənd Polis bölməsinin rəisinə müraciət edib. 

Quba rayon polis şöbəsindən məsələ ilə əlaqədar məlumat almağa çalışdıq. Bizə Qonaqkənd polis bölməsi ilə əlaqə saxlamağı məsləhət gördülər. Qonaqkənd polis bolməsinin əməkdaşı Nəcəfov bu suala cavab verə bilməyəcəyini söylədi: “Rəis gələndə sizə məlumat verərik”. Daha sonra bir neçə dəfə polis bölməsinə zəng vurduq. Növbətçi Rauf İsmayılov hər dəfə eyni cavabı verdi: “Rəisdən soruşub, cavab verərik”. Lakin cavab verən olmadı.

 

Basta