Arif Məmmədov AND hərəkatından istefa verib

Azərbaycan Naminə Demokratiya hərəkatının həmsədri Arif Məmmədov vəzifəsindən və ümumiyyətlə təşkilatdan istefa verib.

O, bu qərarını özünün feysbuk səhifəsində açıqlayıb. 

“Mənim siyasi baxışlarımda, nədə ki mövqeyimdə heç bir dəyişiklik yoxdur və ən böyük arzum Azərbaycanın demokratik qüdrətli dövlət olmağına nail olmaqdır. Bu gündən etibarən fəaliyyətimi müstəqil siyasətçi kimi davam edəcəyəm”- deyə Arif Məmmədov bildirib.

Arif Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb.

Arif Məmmədov 2015-ci ilin mayında hakimiyyəti tənqid etdikdən sonra vəzifəsindən azad edilib. Ardınca onun barəsində cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. Arif Məmmədov dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunur. O, bu addımları hökuməti tənqidinə cavab hesab edir.

Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alıb.

Azərbaycan Naminə Demokratiya (AND) hərəkatı 2016-cı ilin sentyabr ayının 11-də Strasburq şəhərində Azərbaycandan olan bir qrup mühacir tərəfindən yaradılıb.