Tbilisidə Əfqan Muxtarlıya dəstək aksiyası keçirilib

Tbilisidə bir qrup azərbaycanlı fəal Azərbaycanda 6 il müddətinə həbs edilmiş araşdırmaçı jurnalist Əfqan Muxtalıya dəstək aksiyası keçirib. Onlar әllərindә “Әfqan Muxtarlıya azadlıq”, “Araşdırmaçının qiymәti 2 milyard dollar” şüarlar yazılmış plakatlarla Gürcüstan parlanentin qarşısında toplaşıblar.

Gürcüstanda oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında Tbilisidə müəmmalı şəkildə yoxa çıxıb. Növbəti gün o, Azərbaycanda həbs edilib.

Jurnalist Tbilisidə oğurlandığını, işgəncələrə məruz qaldığını, məcburi şəkildə Azərbaycana gətirildiyini və saxlanıldığını bildirib.

Sərhədi keçərkən onun cibinə 10 min avro qoyulub.

Rəsmi ittihamda isə onun güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və üstəlik qaçaqmalçılıq yolu ilə 10 min avro keçirməyə çalışmaqda ittiham olunub.

Gürcüstan hakimiyyəti Muxtarlının taleyi barədə məlumata malik olmadığını və onun yoxa çıxmasının araşdırıldığını bildirib.

İstintaq müddətində sərhəd polisinin və əks-kəşfiyyat departamentinin rəhbərləri vəzifədən kənarlaşdırılıb. Bununla belə, istintaq nəticə verməyib və Muxtarlının Azərbaycana necə keçdiyi məsələsi açıq olaraq qalıb.

Bugünki aksiyanın iştirakçısı, NİDA hәrәkatın üzvü İlkin Rüstәmzadәnin sözlәrinә görә, aksiyanın mәqsәdi jurnalistin işinə diqqət çəkməkdir.

“Biz götәririk ki, Әfqanı unutmamışıq, onunla bağlı bütün mәsәlәlәri diqqәtlә izlәyirik vә onun azadlığı üçün әlimizdәn gәlәni edәcәyik. Biz Әfqanla bağlı Azәrbaycan vә Gürcüstan hakimiyyәtindәn birlikdә etdiklәri qanusuzluqlara son qoymağı vә Әfqana azadlıq tәlәb edirik”, deyə Rüstəmzadə bildirib.

Aksiyanın digәr iştirakçısı Bayram Mәmmәdov isә bildirib ki, Әfqan Muxtarlının oğurlanması haqqında Gürcüstan hakimiyyәti xәbәrdar idi vә Azәrbaycanın hәmin ölkәyә yatırdığı 2 milyard dollar mәblәğindә investisiyalar tәsadüfi deyil.

Gürcüstan hakimiyyətinin nümayəndələrinə və beynəlxalq hüquq müdafiə təşkilatlarına aksiya haqqında məlumat verilib, amma aksiyada onlardan heç kim iştirak etməyib.

Aksiya insidentsiz başa çatıb.