ABŞ İranla müharibə istəmir, amma…

Birləşmiş Ştatların təhlükəsizlik və müdafiə rəsmiləri İranın ABŞ və onun müttəfiqlərinin Yaxın Şərqdə maraqlarını hədəf almağa hazır olması ilə bağlı xəbərdarlıq edib. Yüksək səviyyəli ABŞ rəsmiləri Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək qərarını müdafiə edir. Lakin onlar eyni zamanda, Amerikanın İranla müharibə istəmədiyini bildirir.

ABŞ rəsmiləri USS Abraham Lincoln təyyarədaşıyan gəmi və bombardmançı təyyarələrin regiona göndərilməsi qərarını müdafiə edərək, İran təhlükəsini qeyd ediblər.

Biz İran rejiminin dövlət katibi Pompeonun açıqladığı 12 tələbə baxmasını, bizimlə danışıqlar masasına qayıtmasını və normal ölkə kimi davranmasını istəyirik.
Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Əbu Dabiyə səfəri zamanı bildirib ki, İran Birləşmiş Ərəb Əmirlİkləri sahillərində hücumlara görə “yəqinliklə demək olar ki” məsuliyyət daşıyır. İran hücumlara görə məsuliyyət daşımadığını bildirib və Boltonu “müharibəyə təhrik etməkdə”, Birləşmiş Ştatları isə sanksiyaları bərpa etməklə “iqtisadi terrorizmdə” günahlandırıb.

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Birləşmiş Ştatların İranla müharibə istəmədiyində təkid edir.

Əgər onlar danışmaq istəsələr, biz də danışmaq istəyə bilərik.
ABŞ prezidenti Donald Tramp

“Əslində, biz iqtisadi sanksiyaların, maksimum təzyiq kampaniyasının sona çatdırılmasına çalışırıq. Biz buna nail olmaq istəyirik. Biz İran rejiminin dövlət katibi Pompeonun açıqladığı 12 tələbə baxmasını, bizimlə danışıqlar masasına qayıtmasını və normal ölkə kimi davranmasını istəyirik.

Bu həftə Yaponiya prezident Trampın Tokioya səfəri zamanı ABŞ və İran arasında vasitəçilik etmək təklifi ilə çıxış edib.

“Baş nazirin və Yaponiyanın İranla çox yaxşı münasibətləri var, baxaq görək nə olur. Baş nazir mənimlə bu haqda danışıb və mən inanıram ki, İran danışmaq istəyəcək. Və əgər onlar danışmaq istəsələr, biz də danışmaq istəyə bilərik. Görək nə olur.”

ABŞ və İran arasında vasitəçilik səylərinə gəldikdə Ortaqus hələlik bununla bağlı planların olmadığını bildirib.

Amerikanın səsi