AFFA Yurçeviçdən hesabat istəyir

«İstefa» deyən azarkeşlərin polisə aparıldığı bildirilir

İyunun 11-dә Bakıda «Bakcell Arena» stadionunda keçirilən Azərbaycan-Slovakiya futbol yığmaların oyununda «istefa» tələbi səsləndirən azarkeşlərin polis bölməsinə aparıldığı bildirilir.

Azarkeşlərin deməsinə görə, 20-yә yaxın gənc saxlanaraq Nizami Rayon Polis İdarəsinin 24 saylı Polis Bölməsinə aparılıb.

«Turan» agentliyinə həmin qarşılaşmada saxlanıb, buraxıldığını bildirən gənclərdən biri vurğulayıb ki, hələ oyunun 1-ci hissəsində Azərbaycan yığması bir neçə qol buraxandan sonra azarkeşlər ayağa qalxıb «istefa» şüarları səsləndirməyə başlayıblar: «Oyunun ikinci hissəsi başladı. Daha bir qol buraxıldı və azarkeşlər daha aqressivləşdi. Mülkigeyimli şəxslər məni və bizim sektordan 16 nəfəri bölməyə apardı. Bizə izahat yazdırdılar. Dedilər ki, izahatda elə qeyd edin ki, guya etirazlar baş məşqçiyə ünvanlanıb».

Həmin gənc əlavə edib ki, əslində «İstefa» şüarları AFFA-nın rəhbərliyinə ünvanlanmışdı: «İzahat alınandan sonra saat 23:00 radәlәrindә mənimlə saxlananlar sərbəst buraxıldı».

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyindən və baş məşqçisi Nikola Yurçeviçdən münasibət almaq mümkün olmayıb.

«Bakcell Arena»da AFFA rəhbərliyi üçün «istefa» sədaları

Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra «Bakcell Arena»da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

Bu barədə qurumun bu gün, iyunun 12-də yaydığı məlumatda bildirilir.

Məlumatda yazılıb ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda son iki oyunda göstərilən uğursuz nəticələr müzakirə olunub: «Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq. İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərilərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər».

Bu açıqlamaya, hələlik, Azərbaycan yığmasının futbolçularından münasibət almaq cəhdləri nəticə verməyib.

İyunun 11-də futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində «Bakcell Arena»da Slovakiya yığmasını qəbul edib. Oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Bu ağır məğlubiyyət azarkeşlərin stadionda şüar səsləndirmələrinə səbəb olub. Oyunun gedişi zamanı «Bakcell Arena»da tez-tez azarkeşlərin «istefa» şüarları eşidilib. Onların AFFA rəhbərliyini istefaya çağırdıqları bildirilib.

Stadionda olan jurnalistlərin və bəzi yerlı saytların yaydığı məlumata görə, «istefa» şüarı səsləndirən bəzi azarkeşləri polislər saxlayaraq aparıblar. Amma bu məlumata da, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Avro-2020-nin seçmə mərhələsində bundan əvvəl keçirdiyi iki oyunda da məğlub olub. Əvvəlcə səfərdə Xorvatiya yığmasına 2:1 hesabı ilə məğlub olan Azərbaycan millisi iyunun 8-də Bakıda Macarıstan yığmasına 1:3 hesabı ilə uduzmuşdu.