Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycanın Rusiyadakı səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) Moskva şәhәrindә saxlanan jurnalist Fuad Abbasovla bağlı nota verdiyi bildirilir.

Bu barədə Azərbaycanın rəsmi AZƏRTAC agentliyi xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşları jurnalist Fuad Abbasovla gündəlik əlaqə saxlayırlar.

Agentlikdən səfirliyə istinadla yayılan məlumatda bildirilir ki, Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlardan ötrü xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar Konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar.

“İyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüşüb, şəraiti ilə yaxından tanış olublar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib”,məlumatda deyilir.

Xəbərdə vurğulanıb ki, Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək:

“Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarətdə saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”.

Bu məlumata, hələlik, Rusiya Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Vəkilinin açıqlamasına görə, Fuad Abbasov mayın 16-sı Moskva şәhәrindә saxlanıb. Moskva Şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib. İyunun әvvәlində Moskva Apellyasiya mәhkәmәsi birinci instsnsiyası mәhkәmәsinin qәrarını qüvvәdә saxlayıb.

Jurnalistin saxlanarkən təzyiqlərə məruz qaldığı açıqlanıb, amma Rusiyanın hüquq-mühafizə orqanlarından bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Azərbaycanın bir qrup ictimai fəalı da bu günlər Fuad Abbasovun hüquqlarının müdafiəsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi önündə piket keçirmişdilər.

Rusiya səfirliyinin rəsmi nümayəndəsi də aksiya iştirakçılarına təqdim olunan qətnaməyə cavab veriləcəyini bildirmişdi.

Xatırlatma

Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi.

Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu.

Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.