Ağstafada “qan davası”: 4 ölü, 4 yaralı – TƏFƏRRÜAT

Bu gün səhər saatlarında Ağstafa rayonunda Böyük Kəsik dəmiryol stansiyasının yaxınlığında, bazar ərazisində güllənmə hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, 16 yaşlı Elnur Süleymanovun AK markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölən şəxslərin adları da məlumdur. Onlar Sadıqlı kəndinin sakinləri 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə Süleyman qızı və iki oğlu – Şəmiddin Musayev (1978) və Novruz Musayevdir (1984). Həlak olan daha bir nəfərin şəxsiyyəti dəqiqləşdirilir. Onun təsadüfi güllənin qurbanı olduğu bildirilir.

Yaralılar isə Əhmədova Lilpar Baba qızı (1964-cü il təvəllüdlü), Abdullayev İbrahim Rasim oğlu (1999), İsayev Nüsrət Məhəmməd oğlu (1951) və Həsənov Rəsul Abbas oğludur (1961). Onların əksəriyyəti ayaqlarından güllə yarası alıb.

İlkin məlumata görə, qətl qisas məqsədilə törədilib. Belə ki, Musayev qardaşları 15 il əvvəl E.Süleymanovun atası və əmisini torpaq davası zamanı qətlə yetiriblər. E.Süleymanov neçə ildir ki qardaşların azadlığa buraxılmasını gözləyirmiş. Qardaşlardan biri hələ də həbsxanadadır.

E.Süleymanovun AK markalı avtomat silahı haradan əldə etdiyi də araşdırılır.