Azərbaycan vətəndaşının Gürcüstanda saxlandığı deyilir

Gürcüstanın Marneuli rayonunda yaşayan Azərbaycan vətəndaşı Avtandil Məmmədov bu gün saat 13:00 radələrində saxlanılıb. Bu haqda onun həyat yoldaşı Günel Məmmədova “Basta”ya məlumat verib.

“Saat ikiyə işləmiş polisdən ona zəng vurub dedilər ki aşağı düş. O düşəndən bir az sonra mən də düşdüm, gördüm ki, artıq onun qolunu qandallayıb polis maşınına oturdublar. Gürcü polisi idi, yanlarında bir tərcüməçi vardı. Tərcüməçi dedi ki Azərbaycandakı işlərinə görədir. Avtandil özü dedi ki məni Azərbaycana təhvil vermək istəyirlər, hər yerə xəbər edin”. 

Günel Məmmədova həyat yoldaşının Azərbaycanda hüquq müdafiəçisi olduğunu, buna görə saxlandığını düşünür: “Biz iki ildir Gürcüstanda yaşayırıq. Siyasi sığınacaq üçün müraciət etmişik. İyunun 21-də müraciətimizlə əlaqədar məhkəməmiz olmalıdır”.

Qeyd edək ki, Avtandil Məmmədov Dünya Azərbaycanlılarının Qarabağ Azadlıq Hərəkatı  (DAGAH) adlı təşkilatın təmsilçilərindən biri olub. Təşkilatdan “Basta”ya bildirilib ki, onun saxlanması haqda xəbər araşdırılır. 

 

Basta