Arif Hacılı Türkiyə seçkilərini şərh edir

Müsavat başqanı Arif Hacılı bu gün Türkiyədə Böyükşəhər Bələdiyyəsinə keçirilən seçkilərə münasibət bildirib. Arif Hacılı bu barədə özünün “facebook” səhifəsində yazıb.

İstanbul seçkisi təbii ki, yalnız bir şəhərin rəhbərini müəyyən edən seçki deyil. Buna görə də bütün dünyanın diqqət mərkəzindədir. Nəticələr bizi çox sevindirir. Bu gün sevgili istanbullular Türkiyə tarixinin şərəfli səhifələrindən birini yazdılar.”, Arif Hacılı bildirib.

“İmamoğlunun qələbəsi, həm də cümhuriyyət dəyərlərinin qələbəsidir. Xalq iradəsinin dövlət resursu üzərində qələbəsidir. Bu seçkilər göstərdi ki, Türkiyəni demokratik, dünyəvi dövlət yolundan döndərmək mümkün deyil və doğrudan da, Türkiyə üçün də bütün dünyada demokratiya uğrunda vuruşanlar üçün də hər şey çox gözəl olacaq…Əminəm ki, Atatürk həyatda olsa bu nəticəyə çox sevinərdi.”, Arif Hacılı əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda yenidən bələdiyyə sədri seçkiləri keçirilir. Bu seçkilər 31 mart tarixində keçirilsə də, hakim partiyanın şikayətindən sonra seçkilərin nəticələri ləğv edilib və yeni seçkilər 23 iyun tarixinə təyin edilib.

İstanbul bələdiyyə sədri postuna əsas mübarizə iqtidarda olan Ədalət və İnkişaf Partiyasından Binəli Yıldırım və müxalif Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu arasında gedir. Reuters agentliyinin verdiyi məlumata görə, hər iki namizəd artıq səs verib.

Bu ilin 31 mart tarixində keçirilən bələdiyyə sədri seçkilərində İmamoğlu 13 min səs çoxluğu ilə Yıldırımı arxada qoyaraq, qalib gəlmiş və hətta 18 gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri kimi fəaliyyət göstərmişdi. Lakin hakim partiyanın şikayətindən sonra seçkilərin nəticələri ləğv edilib.

İstanbulda 10 milyondan çox seçicinin olduğu bildirilir.

 

Basta