Gürcüstan DİN “Keşikçidağ” insidenti ilə bağlı açıqlama yaydı, Bakıdan reaksiya yoxdur

Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycanla sərhəddə “Keşikçidağ/David Qareci” monastr kompleksində baş vermiş insidentlə əlaqədar açıqlama yayıb.

Gürcüstan DİN ictimaiyyəti, vətəndaş qruplarını “Gürcüstan və Azərbaycan arasında sərhəddin delimitasiyası üzrə komissiyanın sakin şəraitdə işini davam etdirməsinə imkan verilməsinə” çağırıb.

DİN bəyan edib ki, David-Qareci ərazisində “Gürcüstanla Azərbaycan sərhəddində yerli və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib”. Lakin vəziyyət vaxtında yoluna qoyulub və hazırda hadisə yerində sakitlikdir. DİN-in məlumatına görə, faktın öyrənilməsinə başlanılıb.

“Biz ictimaiyyəti, vətəndaş qruplarını delimitasiya üzə komissiyanın işini sakit şəraitdə davam etdirməsinə imkan verilməsinə çağırırıq ki, vaxtında razılaşma əldə olunsun”, – nazirlikdən bildiriblər.

David-Qarecidə çalışan bələdçinin məlumatına görə, azərbaycanlı sərhədçilərin ikonanı kilsədən icazəsiz çıxarması münaqişəyə səbəb olub. Bu, yerlilərin etirazına səbəb olub. Ancaq onların sözlərinə görə, tezliklə problem həllini tapıb.

Qeyd edək ki, ötən gün Gürcüstan saytlarından biri insidentlə bağlı video yayıb.

Videoda görünür ki, bir qrup aqressiv adam iki azərbaycanlı sərhədçiyə hücum edərək onları təhqir edir, ərazini tərk etmələrini tələb edir.

15 iyul saat 13:30-dək Dövlət Sərhəd Xidməti və Azərbaycan XİN insdenti şərh etməyiblər.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, əslində ikona gürcü din xadimlərinə verilib.

“Keşikçidağ” kompleksi məbəd, keşikçi qülləsi, iki sərhəd boyunca 25 km. məsafədə təbii və süni mağaralardan ibarətdir.

Kompleksin bir hissəsi Azərbaycan, digər hissəsi Gürcüstan tərəfinə düşür.

Kiçik bir hissə inzibati sərhəddə yerləşir ki, əvvəllər Azərbaycan SSR və Gürcüstan SSR-ni ayırırdı.

Sovet dövründə bu yerdən hərbi poliqon kimi istifadə edilib və mülki şəxslər üçün bağlı olub.

Turan