Müsavat “Keşikçidağ”da baş verən təxribatdan narahatdır

Bu gün Müsavat Partiyası Divanının  növbəti iclası keçirilib.

İclasın əvvəlində ötən həftə görülən işlər haqqında məlumat verilib.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin 9 iyul 2019-cu il tarixli toplantısı haqqında ətraflı məlumat  verib. Divan qurultaya hazırlıq işlərini müzakirə edərək yığıncaq və ya konfrans keçirməyən təşkilatlarda mümkün qədər tez toplantıların keçirilməsinin zəruriliyini bildirib.

Divan üzvü, vəkil Osman Kazımov müsavatçı siyasi məhbus Azad Həsənovun bu gün keçirilən məhkəmə prosesi və prosesin təxirə salınmasının səbəbləri haqqında Divan üzvlərinə məlumat verib. Divan  Azad Həsənovun məhkəmə prosesinin davamlı təxirə salınmasını siyasi  ayrı-seçkiliyin və qərəzin təzahürü hesab edir. Azad Həsənovla bağlı ortaya sübut qoya bilməmələri və işlə bağlı siyasi qərar olmadığı üçün prosesin məqsədli şəkildə  uzadıldığını hesab edən Divan Azad Həsənov və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.

Divan həmçinin Bakı şəhər İH-nin Müsavat Gənclər Təşkilatının İran səfirliyinin qarşısında planlaşdırdığı piketlə bağlı müraciətinə mənfi cavab verməsini Sərbəst toplaşma və ifadə azadlığının növbəti dəfə pozulması kimi qiymətləndirib, hakimiyətdən Sərbəst toplaşma azadlığının təmin edilməsini tələb edib.

Müsavat Divanı bu gün “Keşikçidağ”  ətrafında yaşanan növbəti təxribat xarakterli hərəkətdən təəssüfləndiyini, Azərbaycan əskərinə  qarşı təxribatı əskərin və dövlətin qürurunun aşağılanması kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Problemin bu mərhələyə gəlib çatması dövlətin aidiyyatı qurumlarının öz məsuliyətlərini dərk etməmələri,  problemə laqeyd münasibət göstərmələrinin nəticəsi  kimi qiymətləndirilib. Müsavat Partiyası bu kimi təxribat xarakterli davranışların yolverilməz olduğu, problemin dövlət maraqlarına uyğun, iki qonşu xalqın sülh içində yaşamasının təmin olunması şərtilə həllini və bu istiqamətdə ciddi addımların atılmasını zəruri hesab edir.

Müsavat Partiyasının Divanı AXC-nin yaranmasının 30 illiyi ilə bağlı fikir mübadiləsi aparıb və bu münasibətlə Azərbaycan xalqına və hərəkat iştirakçılarını təbrik edib.

Daha sonra Divan üzvü Razim Əmiraslanlı 16 iyul, saat 15:00-da Müsavat Partiyasının qərargahında MSDM təşkilatçılığı ilə  AXC-nin 30 illiyinə həsr olunmuş tədbir haqqında və Müsavat Partiyası Məclisinin  20 iyul 2019-cu il tarixli sessiyasına hazırlıqla bağlı Divan üzvlərinə məlumat verib.

Bundan əlavə ölkədə, regionda və dünyada baş verən hadisələr və gedən proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Basta