Azad Həsənovun məhkəməsinin uzadılmasına Müsavatdan etiraz

Bu gün Müsavat Partiyası Divanının  növbəti iclası keçirilib.

Müsavat İcra Aparatının rəhbəri Gülağa Aslanlı ötən həftə görülən işlər haqqında məlumat verib.

Müsavat Partiyasının başqanı Arif  Hacılı ABŞ-ın Azərbaycandakı səfirliyinin 1-ci müavininin xidmət müddətinin bitməsi ilə əlaqədar səfirin evində keçirilmiş tədbirdə iştirakı, müzakirə olunan məsələlər  barədə danışıb.

Müsavat başqanının müavini Razim Əmiraslanlı Müsavat Gənclər Təşkilatının “İranın Ermənistanla silah istehsalına son”, “Abbas Lisaniyə azadlıq” şüarları ilə  İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında keçirmək istədiyi icazəsiz piketin  polislər və mülki şəxslər tərəfindən dağıdılması barədə məlumat verib və gənclərin bu aksiyası təqdirəlayiq hesab edilib.

Yığıncaqda İstiqlalçı millət vəkili,  mərhum Məryəm xanım Həsənovanın şeirlər kitabının çapa verilməsi barədə məlumat verilib və bu işdə əməyi olanlara təşəkkür edilib.

Divan üzvü, vəkil Osman Kazımov müsavatçı siyasi məhbus Azad Həsənovun bu gün keçirilən məhkəmə prosesi və prosesin təxirə salınmasının səbəbləri haqqında Divan üzvlərinə məlumat verib. Divan  Azad Həsənovun məhkəmə prosesinin dəfələrlə təxirə salınmasını siyasi  ayrı-seçkiliyin və qərəzin təzahürü hesab edir.

İclasda Milli Mətbuat günü münasibətilə hal-hazırda qanunsuz və əsassız həbs olunmuş Əfqan Muxtarlı, Seymur Həzi  başda olmaqla həbsxanada saxlanılan və digər  demokratiya, ədalət, ifadə azadlığı uğrunda  mübarizə aparan bütün jurnalistlər bayram münasibətilə təbrik edilib, ölkədə azad  sözün acınacaqlı durumu müzakirə edilib.

Divan qurultaya hazırlıq işlərini müzakirə edərək yığıncaq və ya konfrans keçirməyən təşkilatlarda avqustun sonuna qədər toplantıların keçirilməsinin vacibliyini  bildirib.

İclasın sonunda ölkədə, regionda və dünyada baş verən hadisələr və gedən proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlərə baxılıb.