ABŞ Putinin Krıma səfərini qınayan açıqlama yaydı

ABŞ-ın Ukraynadakı səfirliyi Rusiya Prezidenti Vladimir Putinin Krıma səfəri ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyini dəstəklədi.

Bu barədə “Twitter” dəki diplomatik nümayəndəlik səhifəsində məlumat verilib.

Diplomatlar Rusiya hakimiyyət orqanlarının yarımadaya səfərinin “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğunu” qeyd ediblər. “Biz, Ukrayna xalqı ilə birlikdə Rusiyanın təcavüzünə qarşıyıq”,- məlumatda deyilir

 Rusiya prezidenti avqustun 10-da Krıma gəlib. Rusiya lideri Vladimir Putin, yarımadanın rəhbəri Sergey Aksenov və Sevastopol qubernatorunun səlahiyyətlərini icra edən Mixail Razvozhaev ilə birlikdə Ural motosikletinin sükanında “Gecə qurdları” motosiklet klubunun təşkil etdiyi şouya qatılıb. 

Ertəsi gün, 11 avqustda Kiyev Putinin Krıma səfərinə etirazını bildirib. 

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı  avqustun 13-də özünün facebook səhifəsində bu hadisəni Qarabağ münaqişəsi ətrafında baş verən son proseslərlə müqayisə edib. O, mövqeyini belə bildirib:

 “Ukrayna hökuməti Putinin baykerlərlə Krıma səfərini Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirdi. 
Mövzu dünya mətbuatının gündəminə gəldi. 
Rusiya əleyhdarları da, yandaşları da məsələyə münasibət bildirdi. 
Paşinyan demək olar ki, hər həftə Qarabağa gəlir. Burada, Azərbaycan ərazisində gah hərbi şura, gah hansısa oyunlar keçirir. Qarabağı Ermənistan ərazisi adlandırır. 
Azərbaycan hökuməti isə qətiyyətlə susur. 
Bu hadisələrin müzakirəsi üçün hətta Minsk qrupu həmsədrlərinin fövqəladə toplantısını çağırmağa cəsarət etmir.

Krım, Abxaziya, Osetiya, Dnestryanı problemləri ilə Dağlıq Qarabağ problemi mahiyyətcə eynidir.

Bu həqiqətin Beynəlxalq Birliyin gündəminə bu cür yerləşməsinə nail olmaq üçün Azərbaycan hakimiyyəti diplomatik təşəbbüskarlıq göstərməli, ardıcıl, cəsarətli, peşəkar siyasət yürütməlidir. 
Bunların heç biri yoxdur. 
Hakimiyyət iflic vəziyyətindədir. Başqa sahələrdə olduğu kimi bu sahədə də tam durğunluqdur.”

Heybət Əmrah

Basta2.com