Apellyasiya Məhkəməsi də Əli Kərimliyə ‘yox’ dedi

AXCP sədri Əli Kərimli xeyriyyə marafonunda iştirak edərkən tutulub polis idarəsinə aparılması, təxminən iki saat orada saxlanmasının hüquqlarının pozulması kimi qiymətləndirilməsində israrlıdır. Binəqədi Rayon Məhkəməsi təxminən 10 gün öncə onun bu barədə ərizəsini təmin etməmişdi. Partiya lideri həmin məhkəmə qərarından apellyasiya şikayəti verib.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, avqustun 9-da Bakı Apellyasiya Məhkəməsində də bu məsələ araşdırılıb. Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

“Bu şikayət məhkəmə nəzarəti qaydasında verilmişdi. Ona görə apellyasiya məhkəməsi də şikayətə qapalı iclasda baxıb. Qanuna görə, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlər üçün ölkə daxilində sonuncu instansiya apellyasiya məhkəməsi sayılır. Yəni, belə işlərdə Avropa Məhkəməsinə şikayət etməkdən ötrü Ali Məhkəməni də keçməyə ehtiyac yoxdur. Ona görə yaxın vaxtlarda bu işlə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək”, partiyadan verilən məlumat belədir.

Xatırlatma

Əli Kərimli iyunun 28-də Müsavat Partiyasının qərargahında keçirilən xeyriyyə marafonu vaxtı saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Heç bir qanun pozuntusu törətmədiyini, lakin iki saatdan artıq polis idarəsində saxlandığını deyən Əli Kərimli iddia edir ki, bununla da onun bir sıra hüquq və azadlıqları pozulub.

AzadlıqRadiosu