Zaqatalada Məşğulluq Mərkəzinin direktoru özünü asdı – Təfərrüatlar

Bu gün səhər Zaqatala rayon Məşğulluq Mərkəzinin direktorunun asılmış meyiti tapılıb

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 6:00 radələrində Qax şəhəri, C.Cabbarlı kiçəsi, döngə 4, ev 14 ünvanında baş verib. 1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayevin meyiti yuxarıda adı qeyd edilən ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

M.Feyzullayevin intihar etməsinin səbəbləri məlum deyil. Bununla belə, hadisə ilə bağlı “Basta”ya bəzi bilgilər verilib. Ehtimal edilir ki intiharın səbəbi ailə münaqişəsidir.

“Bir neçə ay bundan qabaq, onun kabinetində bir insident olub. Musa Feyzullayevin həyat yoldaşı onun kabinetinə gələrək burada dava salıb. İnsident qısqanclıq zəminində baş verib. O, yoldaşı tərəfdən Zaqatala icra başçısının qohumudur. Zaqatalada vəzifə almasının səbəbi də budur. Bundan başqa direktorun bəzi adamlara borcu olduğu deyilir” – deyə, mənbə bildirib.

M.Feyzullayev ailəsi ilə Zaqatala rayonunda yaşayır. Onun intihar etdiyi ev isə ata yurdudu.

Mənbə əlavə edib ki, direktor intihardan əvvəl bəzi işlərini sahmana salıb. O cümlədən Məşğulluq Mərkəzində yarımçıq sənədləri tamamlayıb və təhvil verib.

Faktla bağlı Qax rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Basta