Milli Preventiv Qrup aclıq edən məhbusa baş cəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən növbəti başçəkmə həyata keçirilib. Bu barədə qurumun açıqlamasında bildirilir.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunmuş, onların müraciətləri və qaldırdıqları məsələlər araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilmişdir.

Başçəkmə çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov da MPQ üzvləri tərəfindən qəbul edilib və müraciəti dinlənilib.

İ.Rəhimov barəsində məhkəmə icraatında olan cinayət işinin baxılması ilə əlaqədar aclıq aksiyasına başladığını bildirmiş, müvafiq köməklik göstərilməsi üçün Ombudsmana ərizə ilə müraciət etmişdir. O, müəssisənin tibb sanitar hissəsinə yerləşdirilmiş, səhhəti həkim nəzarətindədir. İ.Rəhimovun ərizəsi nəzərə alınması üçün Ombudsman tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Yekunda MPQ üzvləri tərəfindən saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış və müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi və qəbul olunmuş digər ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.

“İkram Rəhimov bir neçə gündür aclıq edir. Aclıq etmək onun hüququdur və bu hüququndan istifadə edir. O, quru aclıq keçirmir, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. Hazırda səhhətində problem yaranmayıb. Ona qida qəbulu üçün təzyiq edilməsi barədə deyilənlər isə həqiqətə uyğun deyil. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır”, deyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. O, həbsindən öncə Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Məhkəmədə bunu bir daha bildirib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Həmçinin vəkil xahiş edib ki, eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatətlər təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib. –