Ruslan Əmirliyə 30 sutka həbs cəzası verildi (YENİLƏNİB)

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. Bu barədə AXCP-dən bildiriblər.

***

Ruslan Əmirli Yasamal Rayon Məhkəməsinə aparılıb. Bu haqda jurnalist Fatimə Mövlamlı məlumat yayıb.

Ruslan Əmirlinin məhkəməsinə toplaşmışdıq, Yasamal polisi bizi zor tətbiq edərək ərazidən uzaqlaşdırdı, jurnalistlərə hücum etdilər. Polis mənə xəsarət yetirdi, ayağım burxuldu. Ağrının keçməsinə imkan verməmiş tutub qolumdan aparmağa çalışırdılar” – deyə, jurnalist bildirib.

Qeyd edək ki, Ruslan Əmirli sentyabrın 10-da saat 15:30 radələrində naməlum şəxslər tərəfindən saxlanılıb.

Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.

O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir. Kərimlinin özünün sözlərinə görə, son günlər facebook-da “Milli fədailər” qrupunun ailə üzvləri Əmirlini təhdid edirdilər.

“Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib”, deyə Əli Kərimli öz səhifəsində yazıb.

Polis Ruslan Əmirliyinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb, baxmayaraq ki, başqa vaxt sosial şəbəkələrdə tənqidi ifadələrə görə müxalifətçiləri həbs edir.

Daha sonra Ruslan Əmirlinin polis bölməsində saxlandığı və məhkəməyə aparılaxağı bildirilib.