Laçının qaytarılmasını tələb edən Müsavat fəalı saxlanıldı

Bu gün sentyabrın 13-də Müsavat Partiyası Laçın rayon təşkilatının fəalı İlqar Mahmud yaşadığı evin yaxınlığından polisə aparılıb. 

Bu barədə “Basta”ya Müsavat başqanının müavini Fərəc Kərimli məlumat verib.

“İlqar Mahmud Binəqədi rayonu ərazisində yaşayır. Onun hara aparıldığı bilinmir. İlqar Mahmud “Qarabağa qayıdış” təşkilatının fəallarındandır. Son vaxtlar ABŞ və Türkiyə səfirlikləri qarşısında keçirilən piketlərdə fəal iştirak edib. O, sosial şəbəkədə canlı yayım vasitəsilə Laçının qaytarılması mövzusunda tələblər səsləndirib” – deyə, Fərəc Kərimli qeyd edib.

“Basta” əməkdaşı İlqar Mahmudun yaşadığı ərazi üzrə 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Polis zabiti Mövla Həsənov İlqar Mahmudun saxlanması barədə onlarda məlumat olmadığını bildirib.

Binəqədi rayon Polis İdarəsi ilə də əlaqə saxladıq. Növbətçi hissədən bildirildi ki, İlqar Mahmud onlar tərəfindən saxlanılmayıb.

Basta