Tovuzda sabiq məhkəmə sədri gətlə yetirildi – TƏFƏRRÜAT

Tovuz rayonunda sabiq məhkəmə sədri güllələnib. “Report”un  məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. 

Sabiq məhkəmə sədrinin qətli ilə bağlı bəzi təfərrüat məlum olub.

“Report”un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub. 

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və aidiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən proses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb. 

Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər.

Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri “Report”un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi “TT” markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb. 

Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.  

Faktla Bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

***

“Firidun Ələkbərlinin qətli ilə bağlı başlamış cinayət işinin istintaqının davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə tapşırılıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”. Bu barədə ölkə Baş Prokurorluğunun məlumatında deyilir.

Beləliklə, Baş Prokurorluq Tovuz rayon məhkəməsinin keçmiş sədrinin rezonans doğuran qətli haqqında iki cümləlik cüzi məlumatla kifayətlənib.

Press-relizdə qurbanın statusu, iş üzrə saxlanılanların olub-olmadığı açıqlanmır. Adi YNH və kiçik məmurların saxlanması ilə bağlı prokurorluq bir qəzet səhifəsini dolduran məlumatlar yayır, prokurorluğun necə operativ və peşəkar davandığından bəhs edir.

Yerli KİV-lərin məlumatına görə, Ələkbərlinin qətlində şübhəli şəxs kimi yerli sahibkar Əli Şəmiyev saxlanılıb. Şaiyələrə görə, o, əslən Tovuz rayonundan olan yüksək vəzifəli polis generalının yaxın qohumudur.

Qeyri-rəsmi məlumatlara görə, qətlin səbəbi Ələkbərli və Şəmiyev arasında münaqişə olub. Ələkbərov yolverilməz yerlərdə restoran və digər obyektlərini tikən biznesmendən şikayət etdikdən sonra düşmənçilik daha da artıb. Şəmiyev Tovuz sakinlərinə içməli suyun gəldiyi Zeyəm çayının sahilində çimərlik və restoran tikib.