Müsavat İlqar Mahmudun dərhal azad olunmasını tələb edir – BƏYANAT

Müsavat Partiyası qurumun Laçın təşkilatının fəalı İlqar Mahmudun saxlanması ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

Sentyabrın 13-də Müsavat Partiyasının fəalı İlqar Mahmud (Mahmudov) naməlum şəxslər tərəfindən qanunsuz olaraq saxlanılıb. İlqar Mahmud saxlanılarkən onun oğlu yanında olub. Mülki geyimli şəxslər özlərini polis əməkdaşları olduqlarını bildirsələr də, İlqar Mahmudu niyə saxladıqlarını və hara apardıqlarını deməyiblər.

İlqar Mahmudun yaşadığı Binəqədi rayonunda müvafiq polis bölməsi və polis idarəsi, onun saxlanması haqqında hər hansı bir məlumata malik olmadığını bildirir. İlqar Mahmudun ailəsinə onun yeri barədə məlumat verilmir.

Müsavat Partiyası bu hadisəni Azərbaycanda insan oğurluğunun növbəti nümunəsi və repressiya aktı kimi qiymətləndirir, hüquq mühafizə orqanlarından İlqar Mahmudun yeri və saxlanmasının səbəbi barədə dərhal məlumat verilməsini tələb edir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən İlqar Mahmudun dərhal azadlığa buraxılmasını və ölkədə repressiya siyasətimə son qoyulmasını tələb edir.