Əhalinin siyahıya alınması ilə bağlı vərəqədə diqqət çəkən məqamlar

Oktyabrın 1-dən Azərbaycan əhalinin növbəti siyahıya alınmasına başlanılıb və dünən anketçilər nəhayət bizim evə də gəldilər. Qonşulara gəlməyiblər, deməli statusumu nəzərə alıblar, bu, başqa mövzudur.

Vərəqədə bir neçə məsələ diqqətimi çəkdi:

1. Vətəndaşın haralı olmasını müəyyən etmək üçün 3 sual var: “bundan əvvəl harada yaşamısan”; “harada doğolmusan”, “qaçqın-köçkünsən, yoxsa yox”. Məncə bundansa birdəfəlik “haralısan” sualını yazssalar yaxşı olardı. Çünki belə suallarla dəqiq mənzərəni ayırd edə bilməyəcəklər, məsələn, mən bu ünvandan əvvəl Əhmədlidə yaşadığımı yazdım.

2. Anketin məşğulluqla bağlı bölümündə “işsizəm” maddəsi yoxdur. Ya hansı sahədə işlədiyini yazmalısan, ya da işsizsənsə, “digər” cavabını seçməlisən. Yaxud da növbəti sualda “başqa İş axtarıram” cavabını seçməlisən, yəni “işim var, amma bununla qane olmayıb başqasını da axtarıram” mənasında. Bu siyahıyaalmadan sonra hökumət işsizliyin sayı ilə bağlı istənilən rəqəmi deyə biləcək. Hətta istəsələr deyərlər ki bir nəfər də işsiz yoxdur.

3. Anket yazanın suallarına cavab olaraq, dedim ki, mən türkəm, ana dilim də türk dilidi. Gözünü yekə açıb mənə baxmağa başladı. Ona izah etməli oldum ki, Azərbaycan ərazi və dövlət adıdır, millət adı deyil. Vərəqənin bu bölümündə də  “İndi hansı dildə danışırsız” sualı var ki, cavab variantlarından biri “Azərbaycan dili”dir. Yəni “indi türkcə danışıram” cavabını vermək istəyənlər bu cavabı verə bilməzlər – onlar “digər” cavabını seçməlidir. Başqa sözlə, Azərbaycanda yaşayan ən böyük etnik toplum olan türklər öz milli mənsubiyyətini göstərmək hüququndan məhrum edilib.  

 

Mustafa Hacıbəyli

Basta