Başqan müavini Müsavatın beşillik fəaliyyətindən yazdı

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı yazır…

 

Müsavat Partiyasının qarşıdan gələn qurultayı və gözlənilən başqan seçkiləri kontekstində Müsavat Partiyası ətrafında müzakirələr daha da artmaqdadır.

Bu müzakirələr bir tərəfdən Müsavat Partiyasına olan maraqdan irəli gəlirsə, digər tərəfdən Müsavata artan maraqdan təbii narahatlıq keçirənlərin müzakirələri “canfəşanlıq” səbəbi ilə neqativ istiqamətə yönlətmələridir.

Bu “canfəşanlıq” edənlərin bir neçə istiqamətdən Müsavata qarşı gözdənsalma kampaniyası aparmasının da təbii əsasları var.

Müsavat Partiyası başda hazırkı hakimiyyət olmaqla Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı fəaliyyət göstərən hər kəsə qarşı olduğu üçün o qüvvələrin də bizə qarşı olması, bəzən Müsavata qarşı biri birinə dəstək verməsinə də təbii baxmalıyıq. İstisnasız hakimiyyət bizə qarşı istənilən fəaliyyətə dəstək verir.

Bir halda ki, əlehimizə təbliğat aparanlar, yalanlar uydurub, haqqımızda böhtanlar tirajlamaqdan usanmırlarsa, durmurlarsa, biz də özümüz haqqında həqiqətləri deməkdə davam etməliyik (Onlar haqqında həqiqətləri başqa yazılarda eşidəcəksiz) Ən azı dostlarımızın və səmimi müşahidəçilərin həqiqətləri bilməsi üçün özümüz haqqında həqiqətləri bu məqamda deməyə ehtiyac hiss edirik.

Qeyd etdiyimiz kimi, bu yazıda xüsusi ilə son 5 ildə “Müsavat Partiyası nə iş görüb?” sualı verənlərə və Müsavatın son illər zəiflədiyi görüntüsünü yaratmağa çalışanlara cavab verməyə çalışırıq.

Biz bu yazıda kimin hansı məqsədlə sual verib, yalanlar uydurmasına fikir vermədən, dostlara da, düşmənlərə də, rəqiblərə də eyni cavablar verəcəyik. Həqiqət birdir.

Özümüzlə bağlı səmimi etirafla başlayacam. Bəli, bu həqiqətdir ki, Müsavat Partiyası bu gün təkbaşına hakimiyyəti dəyişmək, ölkədə demokratiyanı bərqərar etmək gücündə deyil, doğrudur.

Burda haqlı sual yaranır- Təkbaşına hakimiyyəti dəyişmək gücündə olan hansısa başqa siyasi təşkilat varmı?
Hər kəs bu sual ətrafında da düşünsün.

Keçək özümüz haqqında olan başqa həqiqətlərə.

Yeri gəlmişkən, bizə olan hücumlar hazırkı başqan üzərindən Müsavat Partiyasına, bir çox halda da Müsavat üzərindən Arif Hacılıya qarşı olduğu üçün əsasən son 5 ilə, Arif Hacılının başqanlığı dövrünə nəzər salacayıq.

Ən əsas olanından başlayaq. Əvvəlki illərdə olduğu kimi son 5 ildə, Arif Hacılının başqanlığı dövründə də Müsavat Partiyası demokratik dəyişiklik, avtoritarizimə qarşı mübarizəsini prinsipial olaraq davam etdirib. Bu istiqamətdə gözlə görülən, normal ağılla dərk ediləcək səviyyədə işlər görüb. Bu istiqamətdə səmimi fəaliyyət göstərənlərə də Müsavat Partiyası dəstək verib.

Gözlə görülən nəticələrin olub olmaması isə başqa mövzudur. O haqda başqa vaxt danışarıq.

Bu məqamda haqlı sual verilə bilər ki, bu gözlə görülən, normal ağılla dərk edilən işlər hansılardır?

Birincisi və ən vacibi, Müsavat Partiyası son 5 ildə də ölkədə baş verən ictimai-siyasi, iqtisadi əhəmiyyətli, dövlət və xalqı maraqlandıracaq istənilən hadisəyə ən sərt və birmənalı münasibət bildirib. Baş verən anti xalq davranışlara kəskin etiraz edib, baş verənləri xalqa çatdırmaq işində bütün gücündən və mümkün vasitələrdən istifadə edib.

Bəzən bu fəaliyyətinə görə Müsavat hüdudsuz hakimiyyət resursları və zoru qarşısında tək qalıb. Misalı “Avropa Oyunları” zamanı Azərbaycan iqtisadiyatına vurulan düşməncəsinə zərbəyə qəti və birmənalı etirazımızı, bu “oyun”larla Azərbaycanın beynəlxalq səviyyədə yalançı demokratik imicini yaratmaq istədikləri zaman Müsavat Partiyasının beynəlxalq və yerli ictimaətə “Avropa Oyunları”nı boykot ermək çağrışı erməsini göstərmək olar. Başqalarının “Bunu etsəydik bizi küçədə döyərdilər” dedikləri işi yalnız Müsavat Partiyası edib.

Sonuncu, 2015 parlament seçkiləri zamanı.

70-ə yaxın dairədən imza toplayaraq insanların siyasi maarifləndirilməsindən tutmuş ən sonda qeydə alınan namizədlərimizə minimum imkanlar yaratmağa cəsarət etməyən hakimiyyətin addımlarına etiraz olaraq boykot qərarı verib seçkilərdən geri çəkildikdə də, hakimiyyətin qanunsuz hesab edib həmin seçkidə namizədlərimizin adlarını seçki bülletenlərinə saldığı üçün Avropa İnsan Haqqları Məhkəməsinə etdiyimiz şikayətlər zamanı da ortada tək Müsavat Partiyası qalmışdı. 2015 seçkiləri ilə bağlı Avropa Məhkəməsində yalnız müsavatçıların şikayəti var.

Daha sonra 2016 cı ildə konstitusiya dəyişiklikləri üçün keçirilən anti xalq referendumuna qarşı aktiv etiraz üçün təşviqat qrupu yaratmaqla bağlı 60 dan çox seçki dairəsindən 42 minə yaxın imza topladıqda da təklənməyimizdən obyektiv müşahidəçilərin məlumatı var. Ağır təzyiq və iş şəraitində hakimiyyətin siyasətinə etiraz edən 80 minə yaxın imza toplamağın nə demək olduğunu ağılı başında olan, reallıq hissini itirməyən hər kəs bilir.

Son 5 ildə Azərbaycanla bağlı ofşorlarda və onşorlarda xalqdan oğurlanan küllü miqdarda vəsaitlərlə bağlı açıq şəkildə etiraz etmişik. Müsavat Partiyasının başqanının imzası ilə baş prokurorluğa rəsmi şikayət ərizəsi yazıb cinayyət işi başlanmasını tələb etmişik.

Son 5 ildə Bakı şəhərinin mərkəzində, BŞİH binası qarşısında, birbaşa hakimiyyətə qarşı olan icazəsiz piketi də Müsavat Partiyası keçirib.
Bununla yanaşı hazırkı hakimiyyətə qarşı mübarizə aparan tək Müsavat Partiyasıdır deməmişik.

Müsavat Partiyasının gördüyü işlər çoxdur, məqamı gəldikcə bu yazıda da, növbəti yazılarda da qeyd etməyə çalışacam. Bir yazıya sığası deyil.

Son 5 ildə Müsavat Partiyasının gördüyü işlərlə yanaşı partiyanın ümumi durumu haqqında faktları diqqətinizə çatdırmağa çalışacam.

Beynəlxalq əlaqələr sahəsində gördüyümüz işlər və bu sahədəki vəziyyətimizlə bağlı.

– Beynəlxalq əlaqələr sahəsində son 5 ildə Müsavat Partiyasının münasibətləri daha da genişlənib. Öz ölkələrində və avropada təsir imkanlarına sahib olan 70-ə yaxın partiya ilə 2 tərəfli və çoxtərəfli münasibətlərimiz inkişaf etdirilib. Bəzi münasibətlər sıfırdan qurulub, bəzi münasibətlər daha da inkişaf etdirilib.

Avropaya və potsovet məkanına aid 70 dən çox siyasi partiya ilə əlaqələrimiz var. 100 dən çox avropa parlamentinin nümayəndəsi, Avropa Parlamentinin vitse prezidentləri və komissiya sədrləri olan nüfuzlu şəxslərlə ya birbaşa ya da müttəfiq partiyalar vasitəsi ilə münasibətlərimiz var. Potsovet məkanına daxil olan bütün ölkələrdə münasibətimiz olan partiyalar və siyasətçilər var.

Digər beynəlxalq təşkilatlarla davamlı münasibətlərimiz var və bu münasibətlər inkişaf edən xətt üzrə getməkdədir.

Bu illər ərzində siyasi partiya rəhbərlərindən yalnız Müsavat başqanı Arif Hacılı Amerika Dövlət Departamentində, Amerika siyasətinə aid başqa dairələrdə, Avropa Parlamentində, ALDE nin toplantılarında və müzakirələrində, Avropa Parlamentində təşkil edilən ciddi dəyirmi masalarda iştirak edib, başqa yüksək səviyyəli görüşlər keçirib. Xatırlatmağa ehtiyac var ki, Avropa Parlamentindəki dəyirmi masada Müsavat başqanı kimi Arif Hacılının etdiyi çıxışın yazılı forması da iştirakçılara paylanılmışdı. Sonradan Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamə həmin çıxışın əsasında hazırlanmışdı.

Bu illər ərzində beynəlxalq tədbirlərə siyasi partiya olaraq ən çox dəvət alan və beynəlxalq tədbirlərdə siyasi kimliklə iştirak edən partiya nümayəndələri də Müsavat Partiyasından olub. Son 5 ildə Amerikanın ölkəmizə səfər edən ən yüksək rütbəli diplomatı da siyasi partiya təmsilçilərindən Müsavat partiyasının nümayəndəsi Isa Qəmbərlə görüşməsini də xüsusi qeyd etməliyəm.

Tam əminliklə deyə bilərəm ki, ölkəmizdə beynəlxalq əlaqələr sahəsində Müsavat Partiyası ilə müqayisə oluna biləcək heç bir siyasi təşkilat yoxdur.

Təşkilati quruculuq sahəsi haqqında

– Müsavat Partiyası təşkilati-struktur baxımdan da ölkə üzrə ən çox yerli strukturlara- rayon, özək təşkilatlarına sahibdir.

Demək olar ki, hər bir seçki məntəqəsində ən azı 1 müsavatçı var. Ən azı 10 elə rayon təşkilatımız var ki, ölkə üzrə 55 siyasi partiyanın 50-sindən hər mənada güclüdür.

Son 5 ildə rayon təşkilatlarımızın əksəriyyəti güclənən istiqamətdə gedib. Əvvəllər siyasi fəaliyyəti zəif olan 10-a yaxın təşkilat yenidən təşkilatlanıb güclü fəaliyyət göstərməkdədir. Heç bir fəaliyyəti olmayan 6 rayon təşkilatımız yenidən yaradılıb, hazırda normal fəaliyyət göstərir.

Bu illər ərzində sıralarımıza yüzlərlə yeni insanlar qoşulub. Yerli strukturlar və ölkəni əhatə etmək baxımından da əminliklə deyə bilərik ki, Müsavat Partiyasından üstün hansısa siyasi partiya yoxdur ( YAP-ın təşkilatları necə formalaşdırılır bilirsiz)

Xaricdə yaşayan həmvətənlərimizin bir araya gətirilməsi, təşkilatlanması baxımından da Müsavat Partiyası avropada yaşayan həmvətənlərimizə verdiyi siyasi dəstək hesabına ən güclü mühacir təşkilat formalaşdırmağı bacarıb.

Yeri gəlmişkən, altını cızaraq xüsusi qeyd etməyi vacib hesab edirəm ki, Müsavat Partiyasının dəstəyi ilə AKM-Müsavatın yaranmasından dərhal sonra hakimiyyətin narahatlığının dərəcəsi o qədər böyük oldu ki, dərhal Müsavat Partiyası ətrafında qondarma cinayət işi açıldı, AKM-Müsavatı, Müsavat Partiyasının liderlərini araşdırmağa başladılar. Təbii ki, heç bir şey tapa bilmədilər. Çünkü Müsavat adı olan yerdə saxta nəsə ola bilməzdi.
Hətta hakimiyyətə yaxın şəxslərin Müsavatın adından saxta sənədlər çap etməsi sübutla, faktla aşkara çıxmasına baxmayaraq bu mövzu görünməzdən gəlinir, müzakirə edilmir. Müzakirələri hərləyib, fırlayıb Müsavat Partiyasına yönəltməyə çalışırlar. Bütün bunların isə heç bir əsası olmadığı kimi perespektivi də yoxdur. Bunu da ləyaqətli hər kəs başa düşür.

Mətbuat informasiya sahəsində

8-cı qurultaydan sonra obyektıv səbəblərdən mətbuat və informasiya sahəsində pisləşən vəziyyətimiz, əvəllər bizə dəstək verən “Yeni Müsavat” qəzetinin də bizə qarşı fəaliyyəti nəticəsində yaranan pis durum demək olar ki, aradan qaldırılıb, heç bir maliyə və texniki resurslara sahib olmayan, könüllülərdən ibarət “Basta” saytı hakimiyyətin total təzyiqlərinə, baxmayaraq, saytının bloklanmasından, redaktorunun şərti olaraq azadlıqdan məhrum edilməsinə baxmayaraq partiyanı informasiya blokadasından çıxarıb, partiyanın gündəlik siyasətini və fikirlərini təbliğ etməyə nail ola bilib.

Sosial şəbəkələrin imkanlarından istifadə etməklə 100 minlik “basta” səhifəsi, 30 min izləyicisi olan partiyanın rəsmi səhifəsi, yenicə fəaliyyətə başlayan “Azad tv” və s. resurslar tam könüllülük prinsipi ilə çalışan üzvlərimizin fədakarlığı hesabına əvvəllər bizə yaxın olan və müstəqil hesab oluna biləcək mətbu orqanların iqnor siyasətinin nəticələrini neytrallaşdırmağı bacarıblar.

Sosial Şəbəkədə ən güclü anti kampaniyaya məruz qalan partiya olaraq üzvlərimiz haqlı mövqeləri ilə şər və böhtanın ciddi hissəsini neytrallaşdırmağa, aydınlaşdırmağa nail olub.

Müsavat Partiyası bu illər ərzində kütləvi etiraz aksiyalarını təşkil edən və ya dəstək verən 2 əsas partiyadan biri olub. Kütləvi tədbirlərin ya əsas təşkilatçısı ya da əsas təbliğatçılarından biri olub.

Bu sadaladıqlarım hələ hamısı deyil.

Cümhuriyyətin 100 illiyi ilə bağlı hüdudsuz maliyyə resurslarına sahib hakimiyyət də daxil olmaqla heç bir siyasi təşkilat məhdud imkanlara sahib Müsavat Partiyasının keçirdiyi “Cümhuriyyət-100” tədbirlərinə bənzər hansısa tədbir keçirməyib.

Ölkə xaricində, Almaniyada, Fransada, Türkiyədə, Gürcüstanda və ölkə daxilində “Cümhuriyyət-100” tədbirləri, ziyarətləri keçirilib. Frankfurtda, Parisdə, Ankarada, Tbilisidə, tədbirlər, ziyarətlər təşkil edilib. Rəsulzadənin, Topçubaşovun, Xoyskinin, Həsənbəy Ağayevin məzarları, Nəsib bəy Usubəylinin qətlə yetirildiyi ehtimal edilən yer ziyarət edilib. Həmin ərəfədə Müsavatın dostlarının təşkilatçılığı ilə Müsavat başqanı və müsavatçılar Ankarada rəsmi törənlə Atatürkün məzarını ziyarət edib.

Ölkə daxilində əsas siyasi qüvvələrin iştirakı ilə böyük zalların birində “Cümhuriyyət-100” tədbiri təşkil edib, əsas siyasi tışkilatları və şəxsləri bir araya gətirən də Müsavat Partiyası olub. Bütün bu işlər 10 gün ərzində gerçəkləşdirilib.

Ən əsas qeyd olunası məsələlərdən biri də Müsavat Partiyasının ölkə siyasətinə təsir imkanları olan əsas siyasi təşkilatlarla münasibətlərini yaxşılaşdırmaq istiqamətində aydın görülə biləcək işlərin həyata keçirməsidir. Bəzi məqamlara yuxarıda diqqət çəkdik.

Çəkinmədən onu da deyə bilərik ki, Müsavat Partiyası digər təşkilatlarla müqayisədə əsas siyasi təşkilatlarla oturub müzakirə apara, həlledici məqamlarda bir araya gələ biləcək ən yaxşı durumdadır.

Bütün bu sadalanan üstünlüklərdə əlbəttə partiyanın hazırkı başqanı və növbəti qurultayda başqanlığa namizədi Arif Hacılının xüsusi əməyi var.

Sadaladıqlarımızla yanaşı qeyd etməyi lazım bilirik ki, hər şey istədiyimiz, arzu etdiyimiz kimi deyil.

Bununla yanaşı xalqımız, Müsavat Partiyası və Arif Hacılı o potensiala sahibdir ki, qarşıdakı illərdə durumumuz lazım olan səviyyəyə qalxsın. Bütün çətinliklərə və maneələrə baxmayaraq biz yolumuzdan və hədəfimizdən yayınmadan fəaliyyətimizi davam etdirib bütün sahələrdə işlərimizi gücləndirib xalqımızın həyatında ciddi müsbət dönüş edə biləcəyik.

Başda söylədiyim kimi, bu gün Müsavat Partiyası təkbaşına hakimiyyəti dəyişmək gücündə deyil, bununla yanaşı deyə bilərik ki, Müsavatsız hakimiyyət dəyişikliyi də mümkün deyil!

 

Bastainfo.com