AXCP fəalı həbs edilib

Oktyabrın 11-də Bakının Yasamal rayonunda “İnşaatçılar” metrosunun yaxınlığında təkadamlıq aksiya keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədov polis tərəfindən saxlanılıb.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Məmmədova xırda ticarətlə məşğul olmaq imkanı verilmir.

“Uzun müddətdir polis Tofiqə xırda ticarətlə məşğul olmaq imkanı vermir. Digərləri isə rahat ticarətlə məşğul olur. Tofiqə qarşı siyasi baxışlarına görə ayrıseçkilik edirlər. O buna etiraz olaraq aksiya keçirib və polis saxlayıb,” AXCP-nin məlumatında deyilir.

Tofiq Məmmədov aksiya keçirir
Tofiq Məmmədov aksiya keçirir

AXCP bildirir ki, Məmmədov Yasamal Rayon Polis İdarəsinə aparılıb. Sonra məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək 10 sutka inzibatı həbsə məhkum edib.

Tofiq Məmmədov son bir ildə azı dörd dəfə 10 sutkadan 30 sutkayadək inzibati qaydada həbs edilib.

Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti bildirir ki, qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyətilə əlaqəsi yoxdur.

Məlumatda deyilir ki, Məmmədov əvvəllər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) maddəsi ilə məhkum olunub, həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.

“O, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da, o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir,” Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti qeyd edir.