Maduronun Bakıya gözlənilən səfəri Vaşinqtonda narazılıq yaradıb

Venesuelanın zorakı rejimi BMT-nin İnsan Hüquqları Şurasının üzvü ola bilməz və üzv dövlətlər onun namizədləyini təcrid etməlidir, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli məmuru oktyabrın 11-də bildirib.

Gələn həftə BMT Baş Assambleyası 47 ölkədən ibarət olan İnsan Hüquqları Şurasının 14 yeni üzvünü seçəcək. Venesuelanın Nikolay Maduro hökuməti də üç illik müddət üçün namizədliyini irəli sürüb, Vaşinqton bunu “gülünc” hesab edir.

“Maduro rejimi öz xalqına qarşı yolverilməz insan hüquqları pozuntuları törətməkdə davam edir. Mahiyyətcə, o, sistemli işgəncələr, məhkəməsiz qətllər, repressiya və qorxutmalar siyasəti ilə vətəndaşların əsas hüquqlarını inkar edir və onlardan məhrum edir”, deyə dövlət katibinin köməkçisinin müavini Rocer Karstens Vaşinqton Beynəlxalq Mətbuat Mərkəzində çıxış edərkən bildirib.

Hazırda 55-ə yaxın ölkə Xuan Quaydonu Venesuelanın qanuni müvəqqəti prezidenti kimi tanıyır. BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet təqdim etdiyi məruzədə bu ölkədə işgəncə, cinsi həqarət və məhkəməsiz qətllər xronikasını göstərib.

Karstensin sözlərinə görə, Maduro hökuməti İnsan Hüquqları Şurasında yer almağa müvəffəq olarsa, bu, “təşkilatın nüfuzunu və bütövlüyünü sarsıdacaq” və Venesuela rejiminə özünü beynəlxalq sanksiyalardan qorumaq imkanı verəcək.

Maduronun bu ayın sonlarında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.

Maduronun Azərbaycanda qəbul edilməsi ABŞ-ın tənqidinə səbəb olacaq? Turan-ın müxbirinin bu sualına cavabda Karstens deyib: “Əlbəttə, biz insanların söhbətin Madurodan getdiyini və onunla münasibət qurmağın nəticələri ola biləcəyini bilməsini istəyirik”.

“Maduronun Bakıda qəbul edilməsi Kuba, Rusiya və ya Çin tərəfindən Venesuela rejiminə dəstək verməklə eyni şeydir”, deyə o qeyd edib.

Sonda Karstens rəsmi Bakıya Maduroya hörmət göstərməzdən əvvəl BMT ali komissarı Mişel Baçeletin 4 iyul tarixli məruzəsi ilə tanış olmağı tövsiyə edib.