Arif Hacılı diplomatik skandala səbəb olacaq səs yazılarına münasibət bildirdi

Müsavat başqanı Arif Hacılı ötən gün Real TV-nin efirində Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Azərbaycanda fəaliyyət göstərən diplomatlarla telefon danışıqlarının səs yazılarının paylaşılmasına münasibət bildirib.

“Azərbaycanda fəaliyyət göstərən diplomatların səs yazısının hakimiyyətin nəzarəti altında televiziya kanalında səsləndirilməsi ilə Azərbaycan höküməti ölkə qanunlarına, beynəlxalq hüquq normalarına, hətta elementar sivil davranış qaydalarına əməl etmək qabiliyyətində olmadığını bir daha göstərdi” – deyə, Arif Hacılı bildirib.

“Kübarlıq görüntüsü yaratmaq məqsədi ilə burada təşkil edilən lazımsız konsertlər, bahalı qəbullar, idman yarışlarına xərclənən milyardlar da heç oldu. Yenə Azərbaycana ziyan dəydi. Son həftənin hadisələri bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti dövləti idarə edə bilmir, səriştəsizdir, primitivdir, iflasa uğrayıb” – deyə Arif Hacılı əlavə edib.

Qeyd edək ki, diplomatların telefon danışıqlarının Azərbaycan hakimiyyəti tərəfindən izlənilməsi beynəlxalq qalmaqala səbəb ola bilər. Bəzi məlumatlara görə artıq bununla bağlı hakimiyyətə xəbərdarlıq edilib və bu veriliş Real TV-nin sosial şəbəkələrdəki hesablarından silinib. 

 

Basta