Müsavat “Qadına şiddətə son!” aksiyasının iştirakçılarına zorakılığı pislədi – BƏYANAT

Müsavat Partiyası dünən(20 oktyabr) Bakının mərkəzində ailədaxili şiddətə etiraz olaraq keçirilən “Dözmə! Yürüş et!” yürüşünə polis müdaxiləsini pisləyən bəyanat yayıb.

Müsavat Partiyasının Bəyanatı

Oktyabr ayının 20-də Bakı şəhərinin mərkəzində, təşkilatçı və iştirakçılarının əksəriyyəti xanımlardan ibarət “Şiddətə Son” aksiyası keçirilib.

Qadın hüquqlarının müdafiəsi məqsədi ilə təşkil olunmuş dinc aksiya zorakılıqla dağıdılıb. Aksiya iştirakçılarına qarşı adekvat olmayan güc tədbiq edilib. Saxlanılanlar və xəsarət alanlar olub. Müsavat Partiyası “Şiddətə son” aksiyasının iştirakçıları ilə həmrəy olduğunu, aksiyada irəli sürülən tələbləri müdafiə etdiyini bəyan etməklə yanaşı, dinc yürüş iştirakçılarına qarşı zorakılıqları qətiyyətlə pisləyir.

Müsavat Partiyası cəmiyyətdə ciddi narahatlıq doğuran qadına qarşı zorakılıqlara son qoyulmasını və Azərbaycan dövlətinin də İstanbul konvensiyasını tezliklə imzalayaraq ratifikasiya etməsini zəruri hesab edir.

Müsavat Partiyası həmçinin #qadınaşiddətəson aksiyası zamanı iştirakçılara qarşı zorakılıqlara yol verənlərin müəyyənləşdirilərək cəzalanmasını tələb edir.

 

Bastainfo.com