Sabirabadda yerli hakimiyyət müxalifətçiyə qarşı “donos” toplayır.

Sabirabad rayonu Türkədi kənd tam orta məktəbin fizika müəllimi AXCP fəalı Sahib Rüstəmliyə qarşı yerli hakimiyyət ötən əsrin 30-cu illərin ruhuna uyğun repressiya həyata keçirir. 

Belə bir iddiayla Sahib Rüstəmli özü çıxış edir. Onun fikrincə Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov yerli məmurların əli ilə işlədiyi məktəbin kollektivindən ona qarşı imza toplamağa cəhd etmişdir.

O, facebook səhifəsində yazır:

“Dostlar, bu müraciət mənim işlədiyim kollektivə Sabirabadın icra başçısı Siraqəddin Cabbarov tərəfindən məcbur yazdırılmışdır. Lakin kollektiv üzvləri bu şər-böhtan dolu müraciəti imzalamaqdan imtina etdikləri üçün sabah məktəbə genişmiqyaslı yoxlama göndərirlər.
Hər şey 17 oktyabrdan başladı. Həmin gün Azadlıq radiosunun jurnalistləri işlədiyim Sabirabad rayon şəhid R. Məmmədov adına məktəbə gəlmişdilər. Məqsəd bərbad məktəb haqda sosial şəbəkələrdə paylaşdığım foto və video materialların yerində yoxlanması idi.
Onlar getdikdən sonra kənddə və rayonda sanki bir atom bombası partladı.
Səhəri gün yəni 18 oktyabrda Sabirabad təhsil şöbəsinin müdiri Pəhləvan Qarayev məktəbə gələrək dərs prosesini pozdu və məni 3-cü saat dərs dediyim 11-ci sinifdən çıxarıb məni təhqir etməyə başladı.
Ona qədər məktəbə Sahib adlı sahə müvəkkili başqa bir polis nəfəri ilə gəlmişdilər. Onlar mənim 19 oktyabr mitinqinə qatılmağımın qarşısını almaq üçün şöbəyə aparmağa gəlmişdilər. O gün qalan iki dərsimi keçməyə imkan vermədən məni polis şöbəsinə apardılar. Məndən başqa orda 15 nəfər də fəal cəbhəçini də sutka yarım qanunsuz saxlayaraq mitinq qurtarandan sonra azad etdilər.
Məni aparandan sonra arxamca məktəbə Sabirabad polis şöbəsinin rəis müavini Aqşin Fətiyev və onunla daha iki polis əməkdaşı gələrək kollektivə və kənd camaatına məndən şikayət yazdırmaq istəyiblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu baş tutmayanda direktor Fuad Abbasova saxta ərizə yazdırıblar. Ərizədə guya mənim direktoru söydüyüm, məktəbdə siyasi fəaliyyətlə məşğul olmağım və dövlət çevrilişinə çağırış etməyim göstərilmişdi.
Polisdə saxlananda bu ərizə barədə məndən izahat aldılar. Mən bunların böhtan və cəfəngiyyat olduğunu yazaraq bildirdim”.

Sahib Rüstəmlinin statusunu şərh edən vəkil Osman Kazımlı bu halın cinayət olduğunu qeyd etmişdir.

Bastainfo.com