İranda 4 jurnalist, 2 hüquq müdafiəçisi azadlığa buraxılıb

İranda 4 jurnalist, iki fəal, o cümlədən hüquq müdafiəçisi Sepideh Gholian-ni girov müqabilində azadlığa buraxılıb.

Bu yaxınlarda beş günlük aclıq aksiyası keçirən 24 yaşlı hüquq müdafiəçisi Sepideh Gholian-nin 9 aylıq həbsdən sonra təxminən 120 min dollar girov qarşılığında azadlığa buraxıldığı bildirilir. O, bu il yanvarın 20-də Əhvaz şəhərində digər hüquq müdafiəçisi Esmail Bakhshi ilə birgə həbs olunmuşdu. Amnesty İnternational təşkilatı bir gün əvvəl İran hakimiyyətini hüquq müdafiəçisini azad etməyə çağırmışdı.

Yarımrəsmi ISNA xəbər agentliyi daha bir fəalın, bu ilin mayında həbs olunan Atefeh Rangriz-in də azadlığa buraxıldığını yazır.

Girov qarşılığında azadlığa çıxan dörd jurnalist -Amirhossein Mohammadifard, həyat yoldaşı Sanaz Allahyari, Amir Amirgholi (hər üçü GAM onlayn jurnalının əməkdaşlarıdır) və “Şərq” qəzetinin jurnalisti Marzieh Amiri-dir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, eyni onlayn jurnalda çalışan Amirhossein Mohammadifard və həyat yoldaşı Sanaz Allahyari bu ilin yanvarında, Amir Amirgholi isə mayın 4-ü Tehranda parlamentin binası qarşısında həbs olumuşdu.

Məlumatlarda ötən ilki aksiyalarada həbs olunan iki fəalın- Esmail Bakhshi ilə Asal Mohammadi-nin azadlığa buraxılanlar arasında olmadığı vurğulanır.

 

Azadliqradiosu