Vladimir Bukovsky vəfat edib

Sovet dissidenti və yazarı Vladimir Bukovsky Böyük Britaniyada 77 yaşında dünyasını dəyişib. “Son illər o çox ağrıyırdı”, – ölümü haqda açıqlanmış məlumatda deyilir.

Bukovsky 1942-ci ildə Başqırdıstanın Bələbəy şəhərində anadan olub, onun ailəsini müharibə illərində həmin şəhərə köçürmüşdülər. Daha sonra ailə Moskvaya qayıdır. 1959-cu ildə gələcək dissidenti əlyazma jurnalının təsis olunmasında iştirakına görə məktəbdən qovurlar.

1960-70-i illərdə SSRİ-də dissident hərəkatı xadimi kimi tanınan Bukovsky bir neçə dəfə həbs olunaraq etirazların təşkilinə görə psixiatrik xəstəxanaya yerləşdirilir. O, qadağan olunmuş ədəbiyyat saxlamaqda, “antisovet təbliğatı” aparmaqda suçlanırdı. 1972-ci ildə “antisovet təbliğatı”na görə iki il həbs və beş il sürgün cəzasına məhkum edilir.

1976-cı ildə SSRİ Bukovsky-ni Çilidə həbsdə olan həmin ölkənin Kommunist Partiyasının lideri Luis Corvalan ilə dəyişir. O vaxtdan dissident Böyük Britaniyada, Kembricdə yaşayır, orada dərs deyir, hüquq-müdafiə işini davam etdirirdi.

 

Azadliqradiosu