İŞİD lideri Əl-Bağdadinin məhv edilməsi əməliyyatının detalları açıqlandı

ABŞ Silahlı Qüvvələrinin komandanı general Kennet Makkenze “İslam Dövləti” terror qruplaşmasının  lideri Əbu Bəkir əl-Bağdadini məhv etmək üçün aparılan əməliyyatın təfərrüatlarını açıqlayıb. Bu barədə Pentaqon Twitter hesabında yazılıb. Generalın mediaya verdiyi tam açıqlama nazirliyin saytında dərc edilib.

Makkenzenin sözlərinə görə, hücumdan əvvəl ABŞ ordusu onların olduğu binadakı şəxsləri təslim olmağa çağırıb. Mülki şəxslər və uşaqlar arasında itki verməmək üçün hər cür səy göstərildiyi vurğulanıb.

Buna baxmayaraq, “İslam Dövlətinin” beş üzvü – dörd qadın və bir kişi – təslim olmaqdan  imtina edib və hərbçilər üçün təhlükə yaranıb. Hücum artıq qaçılmaz olduqda əl-Bağdadi  bomba partladaraq özünü və iki gənc uşağını öldürüb, – Makkenze deyib.

“Yalnız altı İŞİD üzvü ölüb: əl-Bağdadi də daxil olmaqla dörd qadın və iki kişi”, -xəbərdə  Makkenzeyə istinadən bildirilir.

Hadisədən sonra 24 saat ərzində terrorçunun cəsədi dənizdə dəfn edilib.

Oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp  xalqa müraciətində özünü xəlifə elan etmiş  “İslam Dövlətinin” liderinin məhv edilməsi barədə məlumatı təsdiqləyib. Trampın iddiasına görə, əməliyyat nəticəsində heç bir ABŞ hərbçisi xəsarət almayıb və 11 uşaq xilas edilib. ABŞ lideri Rusiya, Suriya, İraq və Türkiyəyə bu nəticəyə töhfə verdiklərinə görə təşəkkür edib.

Heybət Əmrah

Basta2.com