Oqtay Gülalıyevi Türkiyəyə aparırlar

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi Türkiyəyə aparırlar.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Firuzə Gülalıyeva məlumat verib. Onun deməsinə görə, Türkiyədən gələn mütəxəssislər onu müayinə ediblər və vəziyyətini çox ağır, kritik hesab ediblər: «Bildirdilər ki, müalicəsini Türkiyədə davam etdirə bilərik, amma sağalacağına da tam qarant yoxdur. Oqtay Gülalıyevin aparılması üçün hazırda hazırlıqlar görülür».

F.Gülalıyevanın deməsinə görə, Türkiyədən mütəxəssislərin dəvəti və O.Gülalıyevin həmin ölkəyə aparılmasının bütün xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.​

A.Qeybulla: ‘Oqtayın səhhətində geriləmə yoxdur’

«Oqtay Gülalıyevin səhhəti təbii ki, ağır olaraq qalır. İstənilən halda beyin zədəsi ağır sayılır».

Bunu bu gün, noyabrın 5-də professor Adil Qeybulla deyib.

«Bir neçə gündür ki, onun üzərində apardığımız müşahidələrə əsasən deyirik ki, səhhətində geriləmə yoxdur. Müəyyən reflekslər var. Dörd koma dərəcəsindən ikinci koma vəziyyətindədir»,- o qeyd edib.

A.Qeybulla əlavə edib ki, beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı-red.) var: «Əməliyyat zamanı hematoma çıxarılıb. Amma beyin ödəmi özü qalır. Ödəm müəyyən dövrdən sonra yavaş-yavaş gedəcək, təəssüf ki, beyin funksiyasında müəyyən itkilər olacaq. Səhhətində geriləmə yoxdur, ona baxmayaraq, müsbət dinamika üçün də hələ vəziyyət tezdir».

O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva da AzadlıqRadiosuna onun vəziyyətinin ağır olaraq qaldığını bildirib. O qeyd edib ki, hələlik, vəkil tuta bilmədiklərindən istintaqın gedişi ilə maraqlana bilməyiblər.

Oktyabrın 30-da Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oktyabrın 31-də də Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin birgə açıqlamasında hadisənin qəsdən törədilməsinə dair fikirlərin əsassız olduğu iddia edilirdi.

O.Gülalıyevin yaxınları isə vurğulayıblar ki, onlara hüquq müdafiəçisinin qəzadan bir neçə saat sonra xəstəxanaya çatdırılması ilə bağlı məlumatlar gəlib, amma bunu dəqiqləşdirə bilməyiblər.

Bu deyilənlərə, istintaq qurumundan da, hələlik, münasibət almaq mümkün olmayıb.

 

AzadlıqRasiosu