“Traktor”un 7 azarkeşi həbs edilib

İran İslan Respublikasının daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini Hüseyin Zülfəqari İran futbol super liqası oyunlarında “İstiqlal” komandası və Təbrizin “Traktor” komandası arasında keçən matçda 7 azarkeşin saxlanıldığını bildirib.

İRNA xəbər agentliyinin verdiyi məlumata görə, azarkeşlərin saxlanılmasını o onların idmanla əlaqəsi olmayan davranışları ilə izah edib. Zülfəqari həmçinin bildirib ki, 3-4 nəfər qaldırdıqları şüara görə təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.

İran daxili işlər nazirinin müavini İstiqlal-Traktor oyununda türk azarkeşlərin hərəkətlərinin ölkənin milli təhlükəsizliyinə zidd olduğunu və onların təhlükəsizlik və məhkəmə orqanları tərəfindən qanuna uyğun olaraq cəzalandırılacaqlarını deyib.

Traktor komandasının türk azarkeşləri Türkiyənin son zamanlar Suriyanın şimalında başlatdığı “Barış Pinarı” əməliyyatı üçün ölkənin lehinə şüarlar səsləndirib.

Azərbaycanlı tamaşaçılar əsgər salamı ilə Türkiyəyə və ordusuna dəstək göstəriblər. Bəzi tərəfdarlar stadionda Azərbaycan və Türkiyə bayraqlarını qaldırıb. Traktor azarkeşlərinin əsgər salamı və dəstəkçi şüarları Türkiyə mediasında geniş əks etdirilib.

Oyun əsnasında azarkeşlər tərəfindən açılan bir plakat İran mediasında ən çox reaksiyaya səbəb olub. Pankartda ingiliscə və ərəb əlifbası ilə yazılmış türk dilində “Seçim sizin: Çexoslovakiya, yoxsa Yugoslaviya” yazılmışdı. Plakatda yazılan şüar Çexoslovakiyanın Çexiya və Slovakiyaya dinc şəkildə parçalanmasına, habelə bir neçə ölkənin müstəqilliyinə səbəb olan qanlı Yuqoslaviya vətəndaş müharibəsinə işarə edib. 1992-ci ildə Çexoslovakiya referendum yolu ilə dinc bir şəkildə iki ayrı müstəqil ölkəyə bölünüb.

1980-ci illərin sonlarından 2000-ci illərə qədər davam edən vətəndaş müharibəsində təxminən 150,000-260,000 insan həyatını itirmişdi.