Azər Qasımlı İlqar Məmmədovla fikir ayrılıqlarına görə REAL-ı tərk etdi

«Respublikaçı Alternativ” – REAL Partiyasının Məclis sədri Azər Qasımlı bu vəzifədən istefa verib və partiya sıralarını tərk edib. Bu barədə o, bugünki mətbuat konfransında bildirib.

Qasımlı öz qərarını partiya lideri İlqar Məmmədovla fikir ayrılıqlarının olması ilə izah edib. Qasımlının sözlərinə görə, son 6 ay ərzində partiyada kollektiv qərarların qəbulu “zəifləyib”.

Qasımlı Məmmədovu avtoritar idarəetmə üslubunda və təkbaşçılıq qurmaq cəhdində ittiham edib.

Öz növbəsində, İlqar Məmmədov bir neçə gün əvvəl partiyanın strukturlarında islahat təşəbbüsü ilə çıxış edib. O, 125 birmandatlı dairənin hər birində yerli təşkilatlar yaratmağı təklif edib.

Məmmədov Partiyanın İdarə Heyətini, Məclisini və Nəzarət-Reviziya komissiyasını ləğv etməyi, onların yerinə şərti olaraq Siyasi Komitə adlandırılan vahid struktur təsis etməyi təklif edir. Onun komanda üzvlərinin sayı 10-15 nəfər, seçkilər dövründə isə 125 nəfərə qədər olmalıdır. Komitə qurultayda seçilir, seçkilər dövründə isə genişləndirilə bilər.

Məmmədov hesab edir ki, sədri qurultay deyil, Siyasi Komitə seçməlidir.

 

Turan