Dəyirmi Masada qəbul edilən daha iki sənəd açıqlandı

Müsavat Partiyasının qərargahında müxalifət təmsilçiləri və siyasi ekspertlərin iştirakı ilə noyabrın 5-də keçirilən Dəyirmi Masada funksional əməkdaşlıq haqda memorandumla yanaşı daha iki bəyanat qəbul edilib.

Həmin sənədləri təqdim edirik:

Sərbəst toplaşmaq azadlığının pozulması ilə əlaqədar bəyanat

Əliyev hakimiyyəti Azərbaycanda fundamental insan hüquqlarını, o cümlədən sərbəst toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdırmaqdadır.

Respublikada, xüsusilə də Bakıda mitinq və nümayişlərin keçirilməsinə faktiki qadağa qoyub.

Hakimiyyət bu özbaşınalığı ilə ölkədə gərginliyin artmasına, polislə vətəndaşlar arasında qarşıdurmanın yaranmasına rəvac verib.  Bunun nəticəsi olaraq oktyabrın 19-da, Bakı şəhərinin mərkəzində demokratiya və azadlıqlar tələbi ilə keçirilən aksiya zorakılıqla dağıdılıb, iştirakçılara və təşkilatçılara qarşı adekvat olmayan güc tədbiq edilib. Çoxlu sayda insan həbs edilib və polis zorakılığı ilə üzləşib. Bəzi aksiya iştirakçıları saxlanıldıqdan sonra işgəncələrə məruz qoyulub.   Hakimiyyətin işgəncələrə və qeyri-insani rəfdara rəvac verməsi xüsusi hiddət doğurur və bağışlanılmazdır.

Biz, noyabrın 5-də keçirilən Dəyirmi Masa iştirakçıları Azərbaycanda dinc mitinq və nümayişlərin dağıdılmasını qətiyyətlə pisləyir, aksiya iştirakçılarına qarşı zorakılığa yol vermiş polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik. Biz 19 oktyabr nümayişində həbs olunanların və Azərbaycandakı bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını, Azərbaycanda fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşma azadlığının təmin olunmasını tələb edirik.

 

Seçkilərlə bağlı bəyanat

Azərbaycanda davamlı stabillyə, gerçək inkişafa nail olmaq üçün bir sıra islahatların həyata keçirilməsi, ilk növbədə hakimiyyət strukturlarının demokratik seçkilər vasitəsi ilə, xalqın iradəsi əsasında formalaşması zəruridir.

Azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühit, belə seçkilərin keçirilməsinə imkan verən seçki qanunvericiliyi, bərabərhüquqlu siyasi rəqabət şəraitində mümkündür.

Ölkədə yaxın gələcəkdə parlament və bələdiyyə seçkilərinin olacağını nəzərə alaraq, aşağıda qeyd olunan təxirəsalınmaz tədbirlərin həyata keçirilmməsini tələb edirik.

Fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilsin;

Bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılsın;

Bütün siyasi məhbuslar azad edilsin;

Zəruri seçki islahatları məqsədi ilə Ümumxalq Referendumu keçirilsin;

Proporsional seçki sistemi bərpa olunsun;

Seçki komissiyalarının tərkibi AŞ PA Venesiya Komissiyasının tövsiyəsi də nəzərə alınmaqla iddiaçı tərəflərin nümayəndələrindən ibarət, paritet əsaslarla formalaşdırılsın;

İlkin olaraq 2005-ci il Parlament Seçkilərinin qaydaları təkmilləşdirilməklə bərpa edilsin;

Bələdiyyələrə gerçək yerli özünüidarə səlahiyyətləri verilsin;

Şəhərlərin ümumi bələdiyyələri yaradılsın;

Şəhər bələdiyyə başqanları ümumi, birbaşa seçkilər vasitəsilə seçilsin.

Qeyd edək ki, Dəyirmi Masada bu tədbirin təşəbbüskarı, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, politoloq Hikmət Hacızadə və “Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev iştirak edirlər.

Basta