Azərbaycan hökuməti Natiq Cəfərliyə 17 min avro təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi Natiq Cəfərlinin şikayəti əsasında qərar qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 7-də ReAL Partiyasının icra katibi Natiq Cəfərlinin şikayəti əsasında qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan hökuməti ona 17 min avro təzminat ödəməlidir.

Qərarda növbəti dəfə Azərbaycanın 18-ci maddəni (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozduğunu tanıyıb. İndiyə qədər bu qərar üzrə REAL partiyasının rəhbəri İlqar Məmmədov, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun işi üzrə pozuntunu tanımışdır.

Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, hökumət Natiq Cəfərliyə münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusuna yol verib.

Buna səbəb isə 2014-cü ilin aprel ayında Natiq Cəfərliyə cinayət işi açılması, hüquq-mühafizə qurumlarında dəfələrlə sorğu-sual edilməsi, 2016-cı ilin avqust ayında həbs olunması ilə bağlı idi.

Həmin vaxt Natiq Cəfərliyə qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə ittiham irəli sürülmüş, məhkəməyə qədər 4 aylıq həbs edilmişdi. Rəsmi ittihamda iddia edilirdi ki, o,aldığı fərdi qrantın qanuni qeydiyyat prosedurlarını pozub, Ədliyyə Nazirliyinə bəyan etməyib. Natiq Cəfərli həmin il sentyabrın 9-a kimi həbsdə tutulmuş, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılmışdı.