“Basta” əməkdaşı Baş prokurora müraciət etdi

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət

Sabiq icra başçısı Şəmsəddin Xanbabayev ona qarşı irəli sürülən ittihamlara cavab verdi. Baş prokurorluq araşdırmalara başlamalıdır.

Sosial şəbəkə istifadəçisi Ceyhun İbrahimli özünün facebook səhifəsində belə bir məlumat paylaşıb:

“Hər rayona Prezident Aparatından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nın direktoru Qalibin, “DOST” mərkəzi Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyənin rəisini çağırıb deyib ki, “mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ölü canları axtarıb tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and-aman edib ki, vallah-billah kartlar Şəmsəddin Xanbabayevdədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur, son olaraq 250 manat yüklənirdi. Deməli aylıq təxminən 125 min manat tək başçıya çatırdı. Xaçmazda ölü canların axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.
Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi şimali Qafqaz kurortlarının birinə istirahətə gedib. Büdcəni talamağın ən azğın üsullarından biridir. Məncə bu korrupsiya sxemi bütün rayonlarda tətbiq olunur”.

Sabiq başçı, hazırda YAP Xaçmaz təşkilatının sədri Modern.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib: “Mən hazırda Dağıstandayam. Xaçmazda 600 iş yerinin açılması doğrudur. Amma onların pullarının mənimsənilməsini Şəmsəddin Xanbabayev ömrü boyu edə bilməz. Mən ulu öndərlə bir yerdə işləmişəm. Mən ən ağır dövrlərdə-1990-cı illərdə Naxçıvanın Baş Naziri olmuşam. 15 il möhtərəm Prezidentimizlə işləmişəm. Deyirlər desinlər də, hamı üçün nəsə deyirlər. Amma xahiş edirəm deyilənlərə inanmayın”.

Ş.Xanbabayev aylıq 125 min manat vəsaiti mənimsəməsilə bağlı fikirləri gülüşlə qarşılayıb: “Harada idi o pul? (gülür) Allaha and olsun birinci dəfədir belə şey eşidirəm. Bu yaşımda ilk dəfədir ki, olmayan şeylərlə rastlaşıram. Ayıbdır, onu yazanlara deyin, Allahdan qorxsunlar, sadəcə günahdır”.

Mən bu yazımla Baş prokuror Zakir Qaralova müraciət edirəm. Hörmətli cənab prokuror, sosial şəbəkələrdə geniş yayılmış və artıq bəzi saytların da yazdığı Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevə irəli sürülmüş ittihamlar araşdırılsın.  Şəmsəddin Xanbabayevin açıqlamasından məlum olur ki, ona qarşı irəli sürülən iddiada əks olunan ən azı bir məlumat doğrudur. Sabiq başçı etiraf edir ki, hazırda o, Dağıstandadır. Yəni, onun  “şimali Qafqaz kurortlarının birinə istirahətə getməsi” təsdiqini tapır. Qalan məlumatlar araşdırılmalı, nəticəsi ictimaiyyətə məlumat verilməlidir. Şəmsəddin Xanbabayev qeyd edir ki, “Xaçmazda 600 iş yerinin açılması doğrudur”. O zaman işçilərin siyahısı açıqlanmalıdır.  Sabiq başçı vəzifəsindən istefa verdikdən bir gün sonra YAP Xaçmaz şöbəsinin sədri “seçilir”. Bu “seçki” hansı zərurətdən irəli gəlir? Yəni, doğrudanmı, Şəmsəddin Xanbabayevin YAP sevgisi bu qədər güclüdür? Yoxsa, başçı işlədiyi illərdə qeyri-qanuni yollarla əldə etdiyi küllü miqdarda əmlakın əlindən çıxacağından qorxur?

Heybət Əmrah

Basta