Anladım ki, ən böyük qanunsuzluq elə məhkəmələrin əli ilə törədilir – Şikayət

“Biri əlil olmaqla bir ailənin dörd qadından ibarət üzvünün ikisinin eyni idarədən, eyni vaxtda işdən çıxarılması nə məqsəd güdür? İstəyirlər ki, gedib onlardan bir tikə çörək istəyək? Bu hansı qanuna, hansı ədalətə sığır?”. 

Bu sözləri “Basta” əməkdaşı ilə söhbətində Naxçıvan Muxtar Respublikası Culfa rayon Abraqunus kənd sakini Seyidova Badilə Mirhəmzə qızı deyib. 

Badilə Seyidova iki qızının eyni vaxtda işdən çıxarılmasına və bu məsələ ilə bağlı məhkəmənin çıxardığı qərara etiraz edir. Badilə Seyidova heç bir səbəb göstərilmədən qızları Hüseynova YeniləHüseynova Güldanə Rasim qızlarının işdən çıxarıldığını, İnzibati İqtisad Məhkəməsinin sədri Hicran Muradovun onları aldatdığını bildirir.

Tanımadığı iki bacının əmrini eyni anda verdi

“Şikayətim  2018-ci il Noyabr ayının 20-də Sərhəd Qoşunlarının Əlahiddə Dviziyasına general təyin olunub, dekabr ayının 28-də qızlarımı eyni gündə işdən çıxaran Niyaməddin Tağıyevdəndir. Heç bir səbəb göstərilmədən, tanımadığı halda, dörd qadından(biri əlil) ibarət ailənin iki üzvünün işdən çıxarılması hansı ədalətə sığır, hansı məqsəd güdür? Onlardan bir tikə çörək istəməyimizimi istəyirlər?

Mənim qızlarım 2015-ci ildən bu dviziyada biri süpürgəçi, o biri qabyuyan işləyir. Bu illər ərzində bir dəfə də qayda-qanunu pozmayıblar, heç vaxt töhmət almayıblar. Hal-hazırda acınacaqlı şəraitdə yaşayırıq. Onlar çalışaraq mənə və xəstə bacıma baxırdılar. Birini çıxarsaydılar anlamaq olardı. İkisinin əmrini eyni vaxtda vermələri heç bir ədalətə sığmır. Övladlarımın hansı səbəbdən işdən çıxarıldığını öyrənmək üçün dviziyaya getsəm də general məni qəbul etmədi. Orada onların sensor telefon işlətdiklərini dedilər. Hansı ki, mənim qızımın heç vaxt sensor telefonu olmayıb. Qızlarımın çıxarış əmrini verən general da məni qəbul etmədi ki, ondan bir tutarlı cavab alım. Mən ailəmin hakimiyəm. İki övladım eyni vaxtda işdən çıxarılır. Onları işdən çıxarandan bunun səbəbini soruşmaq mənim haqqım deyilmi?”,-Badilə Seyidova bildirir.

“Səsimi duyurmaq üçün hüquq-məhkəmə sisteminə üz tutdum. Ümid etdim ki, Azərbaycanın hüquq sistemi balalarımın pozulan hüquqlarının bərpa olunmasında bizə yardımçı olacaq. Təəssüf ki, belə olmadı. Bir məmurun tapdaladığı haqqımızı, dövlətin ali orqanı olan məhkəmə yerlə yeksan etdi. Bu zaman anladım ki, ən böyük qanunsuzluq elə “qanun keşiyində duran” məhkəmələrin əli ilə törədilir.”,- Badilə Seyidova deyir. 

Ərizəni geri götür, qızları işə qaytaracaqlar 

Badılə Seyidova hakimin onu aldatdığını deyir.

-Şikayətimi İnzibati İqtisad məhkəməsinə yazdım. Proses düz 6 ay uzandı. İlk vaxtlar heç bir fakt ortaya qoya bilməsələr də, 5-ci prosesdə töhmət qoydular ortaya. Hakim sual vermədi ki, bir ay müddətində təyin olunmuş general qızlarımı tanımaya-tanımaya niyə, necə töhmət verib, ortaya qoyduqları töhmətləri vermək 5 gün ərzində necə mümkün olub? Bu qızlara töhmət verilməsinin səbəbi nədir? Bu sualların heç biri verilmədi. Bu faktları əsaslandıran sübutlar ortaya qoya bilmədilər deyə məhkəməni də bağlaya bilmirdilər. Bu zaman Hicran Muradov mənimlə danışıqlara gedərək qızlarımı işə qaytaracaqlarına söz verdi. Məhkəmə qərarı ilə onların işə qaytarlacağının doğru qərar olmadığını, şikayətimi geri götürməyimi, barışığa getməyimi istədi. Mən də inandım. Şikayətimi geri götürdüm. Savadsızlığımızdan istifadə edərək bizi aldatdılar. Bundan sonra anladım ki, İnzibati İqtisad Məhkəməsinin sədri(həm də hakimidi) məni aldadıb. Qızlarımı işlərinə bərpa etmədilər. Bundan sonra əlimi məhkəmədən üzdüm, aldadıldığımı qəbullandım. 

Şikayətçi Vasif Talıbova müraciət edir

Məcbur olub məsələni ictimailəşdirməyə qərar verdim.

İndi isə üzümü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbova tuturam: Məmurların etdiyi özbaşınalıqlardan xəbəriniz varmı?

Bilirsiniz ki, təyin etdiyiniz məmurlar insanları bir tikə çörəyə möhtac buraxır?

Bilirsinizmi ki, məhkəmələr fırıldaqçılıqla məşğuldur?

Mən vətənimi, millətimi sevirəm, öz ölkəmdə, doğma Naxçıvanımda yaşamaq istəyirəm. Niyə məcbur edirsiniz ki, gedim başqa ölkəyə sığınım?

Vətəndaşlıqdan imtina etməyimi istəyirsiniz?

Xahiş edirəm qızlarım işlərinə bərpa olunsun, haqq-ədalət yerini tapsın…

 

Könül Alı

Bastainfo.com