Çavuşoğlu 2 milyon avro rüşvət almaqda ittiham olunur

Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti olduğu 2010-2012-ci illərdə Ukraynanın xeyrinə lobbiçilik etmək üçün 2 milyon avro rüşvət almaqda ittiham edirlər.

2006-cı ildə qurulan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsində (OCCRP) 2 milyon avroluq rüşvət qalmaqalının təfərrüatlarına toxunulur.

İddia olunur ki, AŞPA-nın tarixində ilk türk prezident olan Mövlud Çavuşoğlu rəhbərlik etdiyi Assambleyada Ukraynanın o zamankı prezidenti, Rusiyayönümlü Viktor Yanukoviçin xeyrinə 2 milyon avro qarşılığında lobbiçilik edib. Bu lobbi fəaliyyətlərini isə Ukraynanın millət vəkili Sergey Lavoçkin maliyyələşdirib. Sergey Lavoçkin Putinə yaxınlığı ilə seçilən Viktor Medvedçuka yaxın şəxslərdəndir. 

Ukraynanın o zamankı hakimiyyətinin xeyrinə Qərb siyasətçilərinin və beynəlxalq təşkilat rəhbərlərinin rüşvət hesabına “satın alınması”na Pol Manafortun rəhbərlik etdiyi bildirilir. 

ABŞ prezidenti Donald Trampın seçki qərargahının keçmiş rəhbəri P. Manafortun V. Yanukoviçin xeyrinə qanundankənar lobbiçilik etdiyi məhkəmə tərəfindən də təsdiqlənib. Bu əməlinə görə, P. Manafort Vaşinqton məhkəməsi tərəfindən 3.5 il müddətinə, maliyyə və vergi cinayətlərinə yol verdiyi üçün isə Virciniya məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilib. İndi Türkiyə xarici işlər nazirinin adının belə bir adamın qanunsuz və çirkin əməllərinin həyata keçirilməsində iştirakçı kimi hallanması, üstəlik, bu işlərin qarşılığında 2 milyon avro alması barədə iddialar Ankaranın beynəlxalq aləmdə imicini daha da korlayacaq.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) quruclarından, prezident Rəcəb Tayyib Ərdoğanın ən yaxın adamlarından və Türkiyə Cümhuriyyətinin 2014-cü ildən xarici siyasətinə rəhbərlik edən M. Çavuşoğlunun adının rüşvətxorluqda hallanması Türkiyənin hazırkı iqtidarının korrupsiyalaşması haqqında iddialara da əsas verir – deyə, Reyting.az yazır.

Türkiyyənin “Cumhuriyet” qəzetinin yazdığına görə, Çavuşoğlu iddialara münasibət bildirib: “Həmd olsun ki, hesabını verə bilməyəcəyim heç bir davranışım olmayıb. Corc Sorosun maliyələşdirdiyi bir qurumun yaydığı hesabatın həqiqətlə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Çavuşğlu Avropa Şurasında  Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qətnamə layihələrinə də qarşı çıxış edib. Onun Əliyev hakimiyyəti üçün lobbiçilik etməsi Türkiyənin Azərbaycana siyasi dəstəyi kimi təqdim olunub.

 

Basta