12 noyabr aksiyasına görə bəzi jurnalistlər polisə çağırıldı

“Azərbaycan reallığı” saytının təsisçisi Dəyanət Babayev Müsavat Partiyasının 12 noyabr aksiyasına görə polisə çağırılıb. 

Bu haqda “Basta”ya o özü məlumat verib. 

“Məni Nərimanov Rayon Polis İdarəsinə çağırmışdılar. Düzdür, təzyiq etmədilər. Amma dedilər ki, Müsavatın 12 noyabr aksiyasına getməyim və çəkiliş aparmayım. Dedilər ki, siz aksiyadan çəkiliş edirsiz, bunu sonra düşmən ölkələr tirajlayır və Azərbaycanı gözdən salır”. 

Dəyanət Babayevin sözlərinə görə, bu gün ”Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri və “Azeri Freedom” kanalının əməkdaşı Gülnaz Qənbərli də 12 noyabr aksiyasına görə polisə çağırılıblar. 

Şirin Cəfərli polisə getməzdən əvvəl sosial şəbəkədə 4-cü polis bölməsinə çağırdığını təsdiqləyib: “Çox maraqlıdır ki, yaşadığım əraziyə və işlədiyim yerə aidiyyəti olmayan polis idarəsinə nə üçün çağrılıram? Məni çağıran əməkdaşa yuxarıda qeyd etdiyim fikirimi bildirdim. Eyni zamanda onu da bildirdim ki, mən ”Gündəm Xəbər” qəzeti redaksiyasının baş redaktoru Şirin Cəfəriyəm. Dəqiq açıqlama verin ki, mən də gəlim. Polis əməkdaşı cavab olaraq bildirdi ki, ”gözləyin araşdırıb cavab verəcəm. Ola bilsin ki, telefon nömrəsi baxımından səhv olub.” Amma ilk zəngində, qarışıq şəkildə bildirmişdi ki, guya məndən kimsə şikayət edib. Xatırladım ki, övladıma məxsus telefon iki il bundan öncə həmin ərazidə oğurlanıb. Bu müddət ərzində ərizə ilə müraciətin olmasına baxmayaraq, 4-cü polis idarəsindən səs çıxmayıb. Allah bizi şər və böhtandan qorusun!”

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası önündə “Sərbəst toplaşma” azadlığı təmin edilsin” tələbi ilə aksiya keçirəcək. 

Basta