Məqsəd konsolidasiyadır

Noyabrın 5-də Müsavat Partiyasının təşəbbüsü ilə ölkədəki vəziyyətə həsr olunmuş “dəyirmi masa” (DM) təşkil edilib. DM-də iştirak etmək üçün ictimai xadimlər və partiya rəhbərləri dəvət edilib. Müsavat Partiyasının qərargahında keçirilən toplantıda Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, siyasi şərhçi Hikmət Hacızadə, AXCP rəhbəri Əli Kərimli, Müsavat Partiyasının sədri Arif Hacılı iştirak ediblər. DM-ə Milli Şuranın sədri Cəmil Həsənli və ReAl Partyasının rəhbəri İlqar Məmmədov da dəvət edilib. Lakin onlar texniki səbəblərə görə iştirak edə bilməyiblər. Diskussiyalar bağlı qapı arxasında keçirilib. Tədbir başa çatdıqdan sonra yekun bəyanat yayılıb. Bəyanatda deyilir ki, DM iştirakçıları Azərbaycanda hüquqi dövlətin, demokratk cəmiyyətin qurulması, Qarabağın işğaldan azad edilməsi və avtoritar rejimə qarşı mübarizə məsələlərində funksional əməkdaşlıq barədə razılığa gəliblər. Bu hadisədən sonra sosial şəbəkələrdə əsas diqqət keçmiş səhiyyə naziri Əli İnsanovun siyasi səhnəyə gəlişinə, həmçinin müxalifətin yeni birliyinin yaradılmasının mümkünlüyünə yönəlib. “Dəyirmi masa”nın təşəbbüsçüsü, Müsavat Partiyasının lideri Arif Hacılı görüşün məqsədi və yekunları ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

***

-Arif bəy, Müsavat Partiyasının sədri olaraq “dəyirmi masa” təşəbbüsü ilə çıxış etdiniz. Və “dəyirmi masa” baş tutdu. Məqsədiniz nə idi?

 Arif Hacılı-Son dövrlərdə hakimiyyətin müxalifətə qarşı aqressiyası daha da artıb. Həbslər çoxalıb. İnsan haqları daha çox məhdudlaşdırılır. Adekvat olaraq cəmiyyətin hakimiyyətə qarşı neqativ münasibəti bir qədər də dərinləşir. Zorakılığa qarşı müqavimət artır.

Belə vəziyyətdə cəmiyyətin toparlanması vacibdir. Resursları məhdudlaşdırılmış, pərakəndə fəaliyyət göstərən müxalifət bu vəzifənin öhdəsindən gələ bilməz. Aparıcı siyasi qüvvələrin rəhbərləri, ictimai-siyasi xadimlərin iştirakı ilə  “dəyirmi masa”nın təşkil edilməsində məqsəd cəmiyyətin müqavimət gücünü artırmaq, insanların gələcəyə, mübarizənin perspektivinə inamını qaytarmaq, bu inam üçün istinad nöqtəsi yaratmaq idi.

Təsadüfi deyil ki, elə ilk toplantımızda cəmiyyətin toparlanması üçün vacib olan bəzi məsələlərə aid vahid mövqe bildirməyə nail olduq.

-“Dəyirmi masa”ya dəvət etdiyiniz şəxslərin adları xeyli müzakirələrə səbəb olub. Məsələn, ənənəvi müxalifətlə bir vaxtlar hakimiyyətin sıralarında dayanmış Əli İnsanovun eyni masa arxasında oturması xeyli narazılığa səbəb olub. Əli İnsanovu həmin masaya dəvət etmək kimin ideyası idi və nəyi göstərməyə çalışırdınız?

-“Ənənəvi müxalifət” termini ölkədə “yeni müxalifət”, “cib müxalifəti” yaratmaq istəyən, bu iş üçün dövlət resurslarını cəlb edən, milyonlar xərcləyən indiki hakimiyyətin uydurmasıdır. Azərbaycanda bu rejimin siyasətinə barışmaz mövqedə duran, cəmiyyətdə nüfüzü elə  ilk demokratik seçkidəcə hakimiyyətə gəlmək üçün yetərli olan müxalifət var. Təəssüf ki, hələlik Azərbaycan cəmiyyətinin müqavimət gücü hakim zümrəni Konstitusiya və qanunlara, beynəlxalq hüquq normalarına əməl etməyə məcbur etmək üçün yetərli deyil. Biz bu müqavimət gücünü artırmağa çalışırıq. “Dəyirmi masa” iştirakçılarının 100 müxtəlif tərkibini yazsaq da yenə narazılar olacaqdı. Bu şəraitə görə təşəbbüslərdən imtina etmək olmaz. Bu tərkib müəyyən kriteriyalara əsaslanır. “Dəyirmi masa”ya ölkənin gerçək, siyasi təsir imkanına malik olan siyasi təşkilatlarının rəhbərləri, yaranmış vəziyyəti təhlil edib çıxış yolları göstərmək üçün yetərli təcrübəsi, peşəkarlığı olan ictimai-siyasi xadimlər, həmçinin indiki rejimin əsas hədəfində olan siyasətçiləri dəvət etmişdim. Razılaşın ki, indi hakimiyyətin hədəfində olan siyasətçilərin uzağı ilk beşliyində Əli İnsanov da var. Mən Əli İnsanovun vəkili deyiləm, onun müdafiəsinə qalxmaq niyyətim də yoxdur. Ancaq bu mövzudan çox irəli gedən nəticə çıxaran dostlara xatırladıram ki, Əli İnsanov zamanında Əliyev rejiminə xidmət edib sonradan müxalifətə keçən ilk siyasətçi deyil. Bu rejimin qurulmasında ondan daha çox xidmətləri olanlar, hətta 4 iyun qiyamının təşkilatçıları, müxalifət qurumlarında, müxalifətin yaratdığı bloklarda, çox yüksək mövqelərdə olublar. İndi bir çoxları belə mövqelərdədir. Amma fərq də var. Onlar Əli İnsanov kimi bu rejimə qarşı mövqelərinə görə 14 il həbsdə qalmayıblar. Əli İnsanov kimi əvvəlki əməllərinə görə cəmiyyətdən, müxalifətçilərdən üzr istəməyiblər. Əsas məsələ isə odur ki, bu “dəyirmi masa” hər hansı müttəfiqlik bloku, ümumiyyətlə, siyasi blok deyil, daha çox məşvərət mərkəzidir.

-Bu “dəyirmi masa”nın davamı olacaqmı, yoxsa bir dəfə üçün nəzərdə tutulmuşdu?

-Prosesin davamı yəqin ki, olacaq. Bunu indiki siyasi şərait diqtə edir. “Dəyirmi masa” iştirakçıları da əsasən prosesin davamında maraqlı olduqlarını bildirdilər. Bunu ictimaiyyət də bizdən tələb edir.

-Bu təşəbbüslə hansı nəticələri əldə etmək istəyirsiniz?

-Birinci sualınıza cavabda bu barədə danışdım. Əlavə edim ki, həm “dəyirmi masa” toplantısının özü, həm də  bu tədbirə ictimai diqqət mənim gözlədiyimdən də effektli oldu. Bu mərkəzin Azərbaycan cəmiyyətinin müqavimət gücünü artıran istinad nöqtəsinə çevrilməsinə çalışacağam.

-Ümumiyyətlə, “dəyirmi masa” və orada oturan siyasi partiyalar, eyni zamanda şəxslər haqqında bir çoxları skeptik münasibət sərgilədilər, tənqidlər səsləndirdilər. Əsas fikirlərdən biri bu idi ki, bu kimi “dəyirmi masa”ları, müxalifət birliklərini çox görmüşük. Həmişə ölkədə nəsə baş verəndə müxalifət hansısa formada, kiminsə vasitəçiliyi ilə birləşir. Məsələn, 2013-cü il Milli Şura və Rüstəm İbrahimbəyov nümunəsi. Indi isə yeni birlik formalaşır və yeni sima Əli İnsanov olacaq. Bu kimi fikirlərə münasibətiniz necədir?

-Bu, yanlış fikirdir. Bir daha qeyd edirəm ki, “dəyirmi masa” siyasi blok, müttəfiqlik bloku deyil. Ölkənin aparıcı siyasi qüvvələrinin  əməkdaşlığını təmin etmək, ölkəni indiki durumdan çıxarmaq yolları barədə müzakirələrin aparılması məqsədi daşıyan məşvərət mərkəzidir. Əvvəla, indi 2013-cü ildə olduğu kimi prezident seçkiləri yoxdur. İkincisi, konkret olaraq Müsavat Partiyası adına onu  deyə bilərəm ki, Müsavat prezident seçkilərində iştirak edəcəksə, öz namizədi ilə iştirak edəcək.

-Onu da deyənlər var ki, son vaxtlar ənənəvi müxalifətin yenidən fəallaşmaq istəyi hakimiyyətdə baş verən dəyişikliklərdən qaynaqlanır. Yəni, konkret bu fəallaşmanı Ramiz Mehdiyevlə əlaqələndirirlər. Sanki ənənəvi müxalifət Ramiz Mehdiyevin kurasiyasında idi və onun planları əsasında fəaliyyət göstərirdi. Indi isə onun işdən azad olunması ilə müxalifət fəallaşaraq iqtidarı çətin vəziyyətə salmaq istəyir. Yeri gəlmişkən,  sizin  “dəyirmi masa” təşəbbüsü ilə çıxış etdiyiniz zamanla Ramiz Mehdiyevin işdən azad olunması demək olar ki, üst-üstə düşürdü. Deyilənlərə əks arqumentləriniz varmı?

-Açığı özünə hörmət etməyən trollardan başqa kimsədən belə ittiham eşitməmişəm. Belə absurd iddialar cəmiyyətdə ruh düşkünlüyü yaratmaq, cəmiyyətin toparlanmasının qarşısını almaq məqsədilə uydurulur. Çirkin təbliğat mərkəzləri tərəfindən tirajlanır. Müxalifətin, əslində cəmiyyətin fəallaşması ötən ilin sonuna, bu ilin əvvəllərinə təsadüf edir. 2019-cu ilin yanvarından sonra hakimiyyət bu fəallığın qarşısını almaq üçün müxtəlif qabaqlayıcı tədbirlər görür. Ramiz Mehdiyev avtoritar rejimin əsas vintlərindən biri idi. Onun getməsi ilə heç nə dəyişməyib. İndi Ramiz Mehdiyevi eyni funksiyaları bəlkə də daha həvəslə, daha canfəşanlıqla yerinə yetirən başqaları əvəz edir. İlham Əliyevin Ramiz Mehdiyevi əvəzləməkdə məqsədi avtoritar rejimi yumşaltmaq yox, daha da möhkəmləndirməkdir. Mənim “dəyirmi masa” təklifim cəmiyyətdən gələn saysız-hesabsız təkliflərdən, cəmiyyətin toparlanması zərurətindən yaranıb.

-Bu arada Müsavat Partiyası olaraq əvvəlcə mitinq, sonra isə piket qərarı verdiniz.  Müsavat Partiyasında, eləcə də digər müxalifət təşkilatlarında son fəallaşmanı nə ilə əlaqələndirərdiniz? Və etirazlarınız nəyədir?

-Mitinq və piketdə konkret tələblər irəli sürmüşük. Ölkədə olan qanunsuzluqlara, korrupsiyaya, insan haqlarının pozulmasına son qoyulmasını, Qarabağın azadlığı üçün effektiv mübarizənin təşkil edilməsini, siyasi məhbusların azadlığa buraxılmasını, söz, ifadə, sərbəst toplaşmaq azadlıqlarını tələb edirik. Konstitusiya günündə hakimiyyətdən Konstitusiya və qanunlara əməl etməyi tələb edəcəyik.

-Və sonda. Ölkədə baş verən prosesləri, hakimiyyət daxilindəki dəyişiklikləri necə qiymətləndirirsiniz? Bu dəyişikliklər bir çox insanlarda ümid yaradıb. Insanların isə hakimiyyətə ümidli olması müxalifətin marağına uyğun deyil və müxalifətin işini daha da çətinləşdirir. Sizcə, bu vəziyyət hara aparacaq? Müxalifət özünü  bu durumda necə sübut edəcək və insanları inandıraraq nəyəsə nail olacaqmı?

-Qeyd etdim ki, rejimin yumşalması, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət yaradılması istiqamətində heç bir dəyişiklik baş verməyib. Eyni siyasəti  daha effektiv davam etdirmək məqsədilə köhnə kadrlar yeniləri ilə əvəzlənib. Təhsil, səhiyyə, vergi, gömrük sistemində hər hansı islahatlar həyata keçirilməyib. İlham Əliyevin 2003-cü ildən demək olar ki, iqtisadiyyata dair hər çıxışında bəyan etdiyi fikirlər elə fikir olaraq da qalır. Yenə dövlət büdcəmiz enerji daşıyıcılarından asılıdır, bu asılılıq azalmayıb. Qeyri-neft sektoru inkişaf etməyib. Regionlarda iş yerləri, normal həyat şəraiti təmin edilmədiyi üçün şəhərlərə, xüsusilə Bakı şəhərinə axın davam edir. Əhalinin sosial vəziyyəti acınacaqlı durumdadır. Ola bilər ki, indi müsbət dəyişikliklər barədə bəyanatlar daha gur səslənir, amma nə iqtisadi, nə siyasi sahədə, nə də Qarabağ probleminin həlli istiqamətində hər hansı müsbət dəyişiklik yoxdur. “Hakimiyyət inkişafa nail olacaqsa müxalifətin vəziyyəti çətinləşəcək” fikri yanlışdır. Dünyada ən güclü müxalifət partiyaları, dünyanın ən inkişaf etmiş ölkələrindədir. Dövlət inkişaf edirsə, güclənirsə mövcud siyasi sistem də güclənir. Müxalifət siyasi sistemin tərkib hissəsidir. Dövlətin inkişafı, siyasi sistemin güclənməsi, eyni zamanda müxalifətin güclənməsi ilə nəticələnir.

 

Turan