Müsavat Divanının növbədənkənar iclası keçirildi

Bu gün Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda Müsavat Partiyasının planlaşdırdığı etiraz aksiyası ilə bağlı məsələ müzakirə olunub.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz olaraq əvvəlcə noyabrın 10-na təyin olunan mitinqin Lökbatanda keçirilməsini təklif edib, daha sonra isə noyabrın 12-nə təyin olunan piketin keçirilməsini məqsədəuyğun saymayıb.

Daha sonra Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, onun və Müsavat başqanının müavinləri Razim Əmiraslanlı, Fərəc KərimliSəxavət Soltanlının Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq, 12 noyabr aksiyasının keçirilməsinə imkan verilməyəcəyi haqda xəbərdar edildikləri barədə məlumat verib. 

Divanda qeyd edilib son 4 gün ərzində ölkə boyunca 100-dən artıq müsavatçı polis idarələrinə və bölmələrinə çağırılıb. Bəzi hallarda isə müsavatçılar heç bir əsas olmadan evindən, yaxud iş yerlərindən polisə aparılıb.  Onlara polis orqanlarında 12 noyabr aksiyasına gedəcəkləri təqdirdə məsuliyyətə cəlb oluna biləcəkləri haqda  xəbərdərlıq elan edilib. Bəzi müsavatçılar hədə-qorxu və təzyiqlə üzləşiblər. 

Müsavat Partiyasının Divanı partiya üzvlərinə qarşı kütləvi təzyiqləri qətiyyətlə pisləyir və bu özbaşınalığa son qoyulmasını tələb edib.

Divanın iclasında noyabrın 12-də saat 15:00-da BŞİH-in qarşısına təyin olunan etiraz aksiyasına hazırlıqla bağlı son tapşırıqlar verilib. 

 

Basta