“Müsavat üzvləri ölkə boyu təqib olunur” – Yenilənib

Müsavat Başqanının müavini Razim Əmiraslanlı bu gün yenidən polisə çağırılıb. O səhər saat 10-dan Binəqədi Rayon Polis İdarəsindədir, telefonuna zəng çatmır.  

***

Müsavat Partiya Balakən rayon təşkilatın sədri Rafael Doldolov və təşkilatın daha 10 fəalı bu gün Balakən rayon polis şöbəsinə aparılıblar. Bu haqda “Basta”ya sərbəst buraxıldıqdan sonra Doldolov özü məlumat verib. 

“Təşkilatımızın fəalları cinayət axtarış  şöbəsinə aparılıb. Məni isə polis rəisi Mehman Əliyevin yanına apardılar. O , çox kobud davrandı, məni ailəmlə təhdid etdi. Tələb edirdi ki, mən iclas keçirim və müsavatçılara 12 noyabrda Bakıya aksiyaya getməmək barədə göstəriş verim. Mən bildirdim ki, Müsavat həmişə qanuna uyğun şəkildə fəaliyyət göstərib, biz isə yerli təşkilat olaraq partiyanın rəhbər orqanlarının qərarlarını icra edirik” – deyə, Rəfael Doldolov bildirib.

***

Müsavat üzvləri ölkə boyu təqib olunur.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Müavinlərim, müşavirlərim, rayon təşkilatlarımızın sədrləri, Məclis üzvlərimiz, digər fəallarımız, qardaşlarım, qardaşlarımın övladları polis idarələrinə çağrılır, sorğu-suala tutulur, hədələnir. Bütün bunlar dövlətimizin Konstitusiyası ilə malik olduğumuz hüquqlarımızı tələb etməyimizlə bağlıdır. Bu çabalar fayda verməz. Noyabrın 12-də, Konstitusiya günündə də hüquqlarımızı tələb edəcəyik. Mübarizəmiz haqlarımız tanınanadək, Azərbaycanda ərazisi bütöv olan, hüquqi dövlət, azad cəmiyyət qurulanadək davam edəcək” -deyə, Arif Hacılı bildirib.

Müsavat Partiyası Mingəçevir şəhər təşkilatının rəhbərliyi də polisin təzyqi ilə üzləşib. Bu haqda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat yayıb.

O bildirib ki, Mingəçevirdə Müsavat təmsilçiləri Ağahuseyn Mahmudbəyli , Samit Tağiyev , İskəndər İbrahimov, Nizam Əhmədov  və Nurəddin Rüstəmli  qeyri-qanuni olaraq şəhər polis idarəsinə aparılaraq, mənəvi təzyiqə məruz qalıblar. 

Müsavat Partiyasından verilən məlumata görə, dünən Müsavatın Xəzər rayon təşkilatının sədri Niyaz Nəsir iş yerindən polisə aparılıb, bir neçə saat orada saxlandıqdan sonra sərbəst buraxılıb. Müsavat Gənclər Təşkilatının sədr Elman Quliyevin və Müsavat başqanının müavini Fərəc Kərimlinin evlərinin polis nəzarətində olduğu bildirilir.

Müsavat Partiyası Laçın təşkilatının keçmiş sədri Ramiz Xəlilli Xətai rayon polis idarəsinə, Səbail təşkilatın fəalı Şamin Rəhman isə Səbail rayon polis idarəsinə çağrılıb. Ötən gün həmçinin Nərimanov rayon təşkilatının təmsilçiləri Namiq NiftiyevValeh Hümmətoğlu yenidən Nərimanov rayon polis idarəsinə çağırılaraq təzyiqlə üzləşiblər. Onlara 12 noyabr aksiyasına gedəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib. 

Hal hazırda Müsavat başqanının müşaviri Cahangir Əmirxanlı Gəncə Şəhər Baş Polis İdarəsindədir.  

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, son 3-4 gün ərzində polisə aparılanların və çağırılanlanların ümumi sayı 100-dən artıqdır. Partiyanın üzvü olmayan şəxslər və bir sıra jurnalistlər də polisə çağırılıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında “Sərbəst toplaşma azadlığı təmin edilsin” şüarı altında aksiya keçirəcək.

 

Basta