Müsavat Divanı piket iştirakçılarına təşəkkür elan edib

Bu gün Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib. Partiyanın mətbut xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən aksiya müzakirə olunub.

İclasda qeyd edilib ki, aksiya ərəfəsində ölkədə faktiki elan olunmamış fövqəladə vəziyyət hökm sürüb və Azərbaycan hakimiyyəti heç vaxt hansısa piketin qarşısını almaq üçün bu qədər aşırı güc sərf etməyib. Piketə bir neçə gün qalmış Bakıda və regionlarda yüzdən artıq müsavatçı polisə çağırılıb. Bir sıra hallarda müsavatçılar evindən, yaxud iş yerindən heç bir əsas olmadan polis idarələrinə və bölmələrinə aparılıb, onlara aksiyaya qatılacaqları təqdirdə məsuliyyətə cəlb oluna biləcəkləri haqda xəbərdarlıq edilib. Bir sıra jurnalistlər polisə çağırılıb və onlara aksiyada çəkiliş etməmək barədə qanunsuz göstəriş verilib. 

Noyabrın 12-də səhər saatlarından başlayaraq 50-dən artıq müsavatçı polisə aparılıb. Müsavat Partiyasının başqanı Arif Hacılı heç bir əsas olmadan saxlanılaraq, Nərimanov RPİ-nin 18-ci polis bölməsinə aparılıb, bir neçə saat sonra sərbəst buraxılıb. 

BŞİH qarşısına gedən yollar polisin nəzarətinə götürülüb, aksiyaya gedən şəxslərin əksəriyyəti saxlanılıb, yaxud geri qaytarılıb. Bütün təzyiqlərə rəğmən onlarla müsavatçı aksiyanın keçirildiyi yerə çataraq, öz tələblərini irəli sürə biliblər. Polis aksiya içtirakçılarına və jurnalistlərə qarşı zor tətbiq edib.

Saxlanılanlar axşam saatlarında sərbəst buraxılsalar da, Müsavat başqanının müavini Razim Əmiraslanlıya 15 sutka inzibati həbs cəzası verilib.

İclasda qeyd edilib ki, hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq, aksiya ölkədə Konstitusiya hüquqlarının, o cümlədən Sərbəst toplaşma hüququnun pozulmasına yerli və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilib. Müsavat Divanı piketin öz məqsədinə çatdığını və baş tutduğunu bəyan edib.

Müsavat Divanı polisin bütün əngəllərinə baxmayaraq, BŞİH qarşısına qədər gedib çıxa və piketə qatıla bilən bütün müsavatçılara təşəkkür elan edib.  

Divan 12 noyabr aksiyası ilə bağlı partiyanın mövqeyini ifadə edən bəyanat qəbul edib. Bəyanatda hakimiyyətin siyasi sifarişini yerinə yetirən polis qüvvələrinin qeyri-qanuni hərəkətləri qətiyyətlə pislənir, dinc aksiyalarda tutulan şəxslərin azadlığa buraxılması tələb edilir.  Bəyanatda hakimiyyətdən Konstitusiyanın 49 maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Resbuplikası Qanunu”na əməl olunması tələb edilir.

İclasda daha sonra partiyanın qarşısında duran vəzifələr müzakirə olunub. 

 

Basta