Razim Əmiraslanlının məhkəməsində protokol saxtalaşdırılıb – Vəkil

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, partiyanın Divan üzvü Razim Əmiraslanlının apellyasiya şikayətinə baxılmalı idi.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, ona məhkəmə barədə prosesdən cəmi yarım saat əvvəl məlumat verilib.

Məhkəmə iclasında çıxış edən Nemət Kərimli bildirib ki, birinci instansiya məhkəməsində iclasın protokolu saxtalaşdılıb. O, bununla bağlı protokola yazdığı qeydləri təqdim edib. Məhkəmə bu qeydlərin araşdırılması üçün işin ilkin instansiya məhkəməsinə qaytarılması haqda qərar çıxarıb. Bu səbəbdən apellyasiya şikayətinə baxılması təxirə salınıb.

Razim Əmiraslanlı prosesə qolu qandallı gətirilib. Məhkəmədə Müsavat başqanı Arif Hacılı və digər partiya təmsilçiləri iştirak edib.

На изображении может находиться: 3 человека, в том числе Razim Əmiraslanli, люди стоят

Noyabrın 11-də tutulan Razim Əmiraslanlı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.

Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.

Aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də onlarla Müsavat funksioneri tutulub.

Noyabrın 12-si gündüz partiyanın başqanı Arif Hacılı da saxlanaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılıb və axşam saatlarında buraxılıb.

Həmin gün saat 15 radələrində bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.

Piketə cəhd zamanı və əvvəlki günlərdə tutulanlar azadlığa çıxsalar da, Razim Əmiraslanlı 15 sutkalıq inzibati həbsə göndərilib.