Arif Hacılıdan Əli Həsənova cavab: “Belə hadisələr Müsavatı sarsıtmaz”

“Müsavat Partiyasına qarşı başladılan və uzun müddət davam edən mühacir biznesi kampaniyasının arxasında duran əsas şəxs üzə çıxdı. Böyük resursların cəlb edildiyi, hətta bəzi hakimiyyətə aid olmayan opponentlərimizin də qoşulduğu bu böyük kampaniyanın iflasa uğradığını görən Əli Həsənov dözmədi. Almaniyada aparılan hüquqi araşdırmaların Müsavatı silkələdiyini yazdı”.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Arif Hacılı qeyd edib ki, Müsavata qarşı aparılan kampaniyaya ilk böyük zərbə Bakıda keçirilən əməliyyat nəticəsində Müsavat və digər partiyalar adından saxta sənəd verən cinayətkar dəstənin aşkarlanması ilə dəyib: “Bu dəstənin nəinki Müsavata heç bir aidiyyətı olmadığı, əksinə hakimiyyətin, daha dəqiq desək Əli Həsənovun himayəsində olan şəxslər olduğu üzə çıxdı. Qərəzli olmayan hər kəs “od yanmayan yerdən tüstünün necə çıxdığını” və ya çıxarıldığını yaxşı gördü”. 

“İndi Almaniyada bu məsələrlə bağlı cinayət təqibi başlayıb. Bütün mətbuat və sosial media resurslarından istifadə edərək burada da Müsavatı hədəfə gətirmək cəhdləri alınmadı. Əli Həsənov yazır ki, araşdırma davam etdikcə yeni faktlar üzə çıxır. Halbuki yeni faktlar üzə çıxdıqca ilkin olaraq Müsavat əleyhinə yönəlmiş məlumatların əsasən yalan olduğu üzə çıxır. Bəzi üzvlərimizə, Müsavat AKM-ə qarşı irəli sürülən ittihamlar sabun köpüyü kimi partlayır” – Müsavat başqanı qeyd edib. 

“İlham Həsən həbs olunmayıb. Mühacir biznesi ittihamı ilə həbs olunan şəxs Müsavata heç bir aidiyyətı olmayan hüquq firmasının rəhbəridir. Həbs olunan digər şəxs isə hələlik yayılan məlumatlara görə qeyri-qanuni biznes fəaliyyətində təqsirləndirilir. Bütün bunlar Əli Həsənovun Almaniyadakı hüquqi araşdırmalar Müsavatı silkələyir-deməsi, Müsavat AKM təşkilatını ittiham etməsi üçün yetərli olub” – deyə Arif Hacılı etirazını ifadə edib. 

Müsavat başqanı əlavə edib ki, Azərbaycanda mövcud olan korrupsiya rejiminin yaratdığı vəziyyətə görə irili xırdalı bizneslə məşğul olan hər kəs qeyri-qanuni biznes fəaliyyətinə məhkum edilib: “Əli Həsənov belə vəziyyəti yüksələn iqtisadi inkişaf kimi dəyəgləndirir.  Müsavatın məsələlərə yanaşma kriteriyası isə fərqlidir. Müsavat, hətta bir üzvünün qeyri-qanuni fəaliyyətinə göz yummaq niyyətində deyil. Əgər Müsavat üzvünün qeyri-qanuni bizneslə məşğul olması Almaniya ədalət mühakiməsi sistemi tərəfindən təsdiq olunarsa Müsavat Partiyası da bu məsələyə adekvat reaksiya verəcək. Belə hadisələr Müsavatı sarsıtmaz”.

 

Basta